Qubada ustad tarzən, Xalq artisti Əhməd Bakıxanovun 130 illiyi qeyd olunub
Quba, 15 dekabr, Elxan Yusifli, AZƏRTAC
Qubada Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndəsi, ustad tarzən və mahir pedaqoq, Xalq artisti Əhməd Bakıxanovun anadan olmasının 130 illiyi qeyd edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Mədəniyyət Nazirliyinin təşkil etdiyi yubiley tədbiri Quba şəhər Uşaq İncəsənət Məktəbində keçirilib.
Əvvəlcə məktəbin foyesində rəssamlıq şöbəsinin şagirdlərinin rəsm əsərlərindən ibarət sərgiyə və Əhməd Bakıxanova həsr edilmiş kitablara baxış olub.
Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Hüseynov bildirib ki, ölkəmizdə mədəniyyət sahəsinə dövlət tərəfindən yüksək diqqət və qayğı göstərilir. Bu sahədə xidmətləri olmuş şəxslər unudulmur, onların xatirələrinin yaşadılması və yubileylərinin yüksək səviyyədə qeyd edilməsi daim ölkə rəhbərliyinin diqqət mərkəzindədir. Həmin şəxslərdən biri də Əhməd Bakıxanovdur. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə bu il ölkəmizdə görkəmli sənətkarın 130 illiyi silsilə tədbirlərlə qeyd edilir. İdarə rəisi qeyd edib ki, bu gün uşaq musiqi və incəsənət məktəblərində tar ixtisası üzrə təhsil alan şagirdlər Əhməd Bakıxanovun həyat və fəaliyyətini özlərinə nümunə kimi görməli, onun zəngin yaradıcılığından bəhrələnməlidirlər.
Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və baş dirijoru, Xalq artisti Ağaverdi Paşayev görkəmli tarzən Əhməd Bakıxanovun həyat və yaradıcılığından danışıb. Bildirilib ki, Ə.Bakıxanov 1930-cu illərdən Üzeyir Hacıbəylinin dəvəti ilə Azərbaycan Dövlət Konservatoriyasında, daha sonra Azərbaycan Dövlət Musiqi Məktəbində muğamdan dərs deyib. Eyni zamanda, Azərbaycan Radiosunun nəzdində Xalq Çalğı Alətləri Ansamblının təşkilatçısı və rəhbəri olub. Ə.Bakıxanov muğam sənətinin dərin bilicisi olub, ifaçılıq təcrübəsində az ifa olunan “Nəva-nişapur”, “Əbu-əta" muğamlarının mahir ifaçısı kimi tanınıb. O, həmçinin “Azərbaycan xalq rəngləri”, “Azərbaycan ritmik muğamları”, “Muğam, mahnı, rəng” kimi not nəşrlərinin müəllifidir. Bu məcmuələr xalq musiqisinin tədrisi və tədqiqi üçün qiymətli vəsaitdir. Onun musiqi məktəbləri üçün tərtib etdiyi muğam proqramı tar tədrisində bu gün də istifadə olunur. Əhməd Bakıxanovun ifasından bəstəkar N.Məmmədov tərəfindən bir çox instrumental muğamlar - “Rast”, “Şur”, “Bayatı-Şiraz”, “Segah-Zabul”, “Rahab”, “Şüştər”, “Hümayun”, “Şahnaz” muğamları nota salınaraq çap edilib. Ə.Bakıxanovun oğlu, bəstəkar, Xalq artisti Tofiq Bakıxanov onun ifaçılıq üslubundan bəhrələnərək “Dügah”, “Nəva”, “Şahnaz”, “Hümayun”, “Rahab” simfonik muğamlarını bəstələyib.
Tədbirin bədii hissəsində Quba şəhər Uşaq Musiqi məktəbinin və Quba şəhər Uşaq İncəsənət məktəbinin xalq çalğı alətləri ansamblının, xanəndələr Əlövsət Səlimovun və Kənan Nizamovun ifaları dinlənilib.
Əməkdar artist, Prezident mükafatçısı tarzən Sahib Paşazadənin çıxışı böyük maraqla qarşılanıb.