QUBADLI RAYONUNUN QARA İLYASOV ADINA MƏKTƏBİ YENİ BİNAYA KÖÇMÜŞDÜR
AZƏRTAC xəbər verir ki, sentyabrın 17-də Sumqayıtda 11-ci mikrorayonunda Qubadlı rayonunun Qara İlyasov adına orta məktəbi üçün tikilmiş ikimərtəbəli müasir binanın açılış mərasimi olmuşdur.
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, Milli Məclisin deputatı İmamverdi İsmayılov, Nazirlər Kabinetinin şöbə müdiri Qurban Sadıqov, təhsil nazirinin müavini İsgəndər İsgəndərov, Sosial İnkişaf Fondunun prezidenti Ayaz Orucov, Sumqayıt şəhər rəhbərliyinin nümayəndələri və başqaları məktəb kollektivini təbrik etməyə gəlmişdilər.
Qubadlı rayon icra hakimiyyətinin başçısı Malik İsaqov mərasim iştirakçılarını salamlayaraq demişdir:
-2007-ci ilin dekabr ayında bu məktəbin yaradılmasının 125 illiyi dövlət səviyyəsində təntənəli şəkildə qeyd edilmişdi. Elə həmin vaxt məktəb üçün yeni binanın tikilməsi qərara alınmışdı. Məktəbin fəxri olan məzunları Azərbaycanın inkişafına layiqli töhfələr vermişlər. Rayonun bu ən qocaman məktəbinin tarixində onun adlı-sanlı məzunları xüsusi yer tutur. Bu məzunlar arasında 6 nəfər Milli Qəhrəman, yüzlərlə şəhid, 4 nəfər Sosialist Əməyi Qhərəmanı, 9 nəfər görkəmli ictimai və dövlət xadimi, Süleyman Rəhimov və Əli Vəliyev kimi məşhur yazıçılar, 18 nəfər elmlər doktoru, 2 nəfər tanınmış idmançı vardır. Məktəbin müəllimlərindən 5 nəfəri dövlət təltiflərinə layiq görülmüşdür.
Rayon rəhbəri daha sonra qeyd etmişdir ki, erməni işğalından sonra rayonun əhalisi kimi, onun orta məktəbləri də məcburi köçkün vəziyyətinə düşmüşdür. Zəngin tarixi ənənələrə malik olan bu məktəb bir müddət vaqonlarda, sonra isə uyğunlaşdırılmış binalarda sığınacaq tapmalı olmuşdur. Nəhayət, intizarla gözlədiyimiz gün gəlib çatmışdır: dövlət vəsaiti hesabına gözəl, müasir bina tikilmiş, burada təhsil üçün hər cür şərait yaradılmışdır.
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov ölkədə məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması üçün həyata keçirilmiş iri layihələr barədə söhbət açmış, bildirmişdir ki, təkcə Dövlət Komitəsinin xətti ilə onlar üçün 114 orta məktəb binası tikilmişdir.
Əli Həsənov Sumqayıtda yerləşdirilmiş məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması ilə bağlı müraciətlərə həssas, diqqətli və operativ münasibətə görə şəhər rəhbərliyinə təşəkkürünü bildirmişdir.
Mərasimdə Heydər Əliyev Fondunun və onun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı, “Yeniləşən Azərbaycana yeni məktəblər” təşəbbüsünün müəllifi Mehriban Əliyevanın ünvanına çox xoş sözlər səsləndi.
Rəmzi qırmızı lent kəsildi. Qonaqlar məktəbin binasına, xalqımızın ulu öndəri Heydər Əliyevin adını daşıyan guşəyə tamaşa etdilər.
Elə həmin gün Sumqayıtın 17-ci mikrorayonunda Qubadlı rayonunun Saray kəndindəki İsmət Qayıbov adına orta məktəbin binasının da açılış mərasimi olmuşdur.
######
