Qubadlıda Anım Günü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib
Bakı, 26 sentyabr, AZƏRTAC
27 Sentyabr - Anım Günü ilə əlaqədar Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşlarının iştirakı və birgə təşkilatçılığı ilə Qubadlı rayonunda bir hektar ərazidə ağacəkmə aksiyası təşkil olunub.
ANAMA-nın İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq keçirilən tədbirdə rayonun torpaq-iqlim şəraitinə uyğun 1200-dən çox müxtəlif növ ağac əkilib.