Qubadlılılar Xocalı soyqırımı qurbanlarının xatirəsini anıblar
Sumqayıt, 26 fevral, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıt şəhərində fəaliyyət göstərən Qubadlı rayonunun idarə müəssisə və təşkilatlarında Xocalı soyqırımının 23-cü ildönümü münasibətilə silsilə tədbirlər keçirilir. Bu səpkidən olan yekun tədbir fevralın 26-da Qubadlı rayonu Çingiz Quliyev adına Çardaxlı kənd tam orta məktəbində təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri, Xocalı rayonundan olan məcburi köçkünlər iştirak ediblər.
Əvvəlcə rayon tarix diyarşünaslıq muzeyində Xocalı soyqırımının əks olunduğu stendlərə baxış keçirilib.
Çardaxlı kənd tam orta məktəbində keçirilən tədbirdə Xocalı soyqırımının və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Çıxış edən rayon icra hakimiyyətinin başçısı Malik İsaqov bildirib ki, tarixən Azərbaycan xalqına qarşı soyqırımı siyasəti həyata keçirən erməni millətçiləri 1992-ci ilin fevralında öz vəhşi simalarını bir daha nümayiş etdirərək, dinc əhaliyə divan tutublar. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilərin qeyri-qanuni silahlı dəstələri keçmiş sovet ordusunun Xankəndində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyəti və hərbi texnikasının bilavasitə iştirakı ilə Xocalı şəhərinə hücum edərək, Azərbaycan xalqına qarşı soyqırımı həyata keçiriblər. Bu, təkcə Azərbaycan xalqına qarşı deyil, həm də bütün insanlığa qarşı yönəlmiş ağlasığmaz cinayətdir. Soyqırımı nəticəsində 613 nəfər xüsusi amansızlıqla və işgəncələrlə öldürülüb. Onlardan 106-sı qadın, 63-ü uşaq, 70-i qocadır. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Bu ağır faciədə 487 nəfər, o cümlədən 76 uşaq ağır yaralanıb, 275 nəfər girov götürülüb. Girov götürülənlərdən 150 nəfərin taleyi indiyədək məlum deyil. Şəxsi və dövlət əmlakına külli miqdarda maddi ziyan dəyib.
M.İsaqov qeyd edib ki, bu gün Xocalı həqiqətlərinin dünyaya çatdırılması istiqamətində məqsədyönlü addımlar atılır. Dövlətimizin siyasəti, Heydər Əliyev Fondunun fəaliyyəti nəticəsində bu sahədə müsbət nəticələr əldə edilib. Bu işdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyasının da xüsusi rolu var. Artıq dünyanın 10-dək ölkəsi, o cümlədən ABŞ-ın 15-dən çox ştatı Xocalı faciəsini soyqırımı və Azərbaycana qarşı cinayət aktı kimi tanıyıb.
Çıxışlarda əminlik ifadə olunub ki, Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində torpaqlarımız işğaldan azad olunacaq, doğma torpaqlarından didərgin düşənlər öz yurd-yuvalarına qayıdacaqlar.
Tədbirdə məktəb şagirdlərinin ifasında Xocalı soyqırımına həsr edilmiş ədəbi-bədii kompozisiya nümayiş etdirilib, qəhrəmanlıq və vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.