Qubalı mədəniyyət işçiləri intellektual yarışın qalibi olub
Xaçmaz, 17 dekabr, Elxan Yusifli, AZƏRTAC
Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayonlarını təmsil edən mədəniyyət işçilərindən ibarət komandalar arasında intellektual yarışın qalibləri mükafatlandırılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Xaçmaz Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə keçirilən intellektual yarış “Şuşa İli”nə həsr olunub.
Yarışdan əvvəl iştirakçılar Qusar rayon Heydər Əliyev Mərkəzində rəsm əsərlərindən, əl işlərindən və kitablardan ibarət sərgilərlə tanış olublar.
Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Hüseynov bildirib ki, Prezident İlham Əliyevin Sərəncamına əsasən 2022-ci il ölkəmizdə “Şuşa İli” elan edilib. Keçirilən yarışmanın əsas məqsədi mədəniyyət fəaliyyətinin təbliği, mədəni resurslarımızın inkişafı, mədəniyyət siyasəti haqqında fərdi biliklərin artırılması, mədəni xidmətlərin şəbəkəsinin gücləndirilməsi və mədəni-kütləvi tədbirlərin genişləndirilməsindən ibarətdir.
Yeni Azərbaycan Partiyasının Qusar rayon təşkilatının sədr müavini Neva Abdurrəhmanova bu kimi tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıb.
Xaçmaz Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi beş rayonu təmsil edən mədəniyyət işçilərindən ibarət komandalar arasında intellektual yarış 3 mərhələdən ibarət olub. Yarışda Quba rayonunu təmsil edən komanda ən yüksək bal toplayaraq birinci yerə layiq görülüb.
Qalib komandaya Xaçmaz Regional Mədəniyyət İdarəsi tərəfindən fəxri fərman, kubok və komanda üzvlərinə təşəkkürnamələr təqdim olunub.
Mükafatlandırma mərasimində regionun incəsənət ustaları, rəqs kollektivlərinin çıxışları maraqla qarşılanıb.