Qüdrət Nuriyev: Azərbaycan idman tədbirləri üçün beynəlxalq məkana çevrilib
Bakı, 19 avqust, AZƏRTAC
Bu gün Azərbaycan idman ölkəsi, mötəbər beynəlxalq yarışların keçirildiyi məkan kimi dünyada böyük nüfuza malikdir. Dünya ölkəmizin təqdimatında güclü potensial, mükəmməl idman infrastrukturu, mötəbər beynəlxalq tədbirləri təşkil etmək təcrübəsinin şahidi olur.
Bu sözləri AZƏRTAC-a Azərbaycan Alpaqut Federasiyasının prezidenti, idman eksperti Qüdrət Nuriyev deyib. O qeyd edib ki, bu günlərdə Bakı Atıcılıq Mərkəzində keçirilən dünya çempionatında 100-dən çox ölkənin ən dəqiq nişançıları bir araya gəliblər. Turnir tək Azərbaycan yox, həm də dünya idmanı üçün vacib hadisədir. Məhz bu nüfuzlu yarışda Paris Yay Olimpiya Oyunlarına 48 lisenziya qazanılacaq:
“Ölkəmiz mötəbər idman tədbirləri üçün beynəlxalq məkana çevrildikcə beynəlxalq nüfuzu da artır. İlk Avropa Oyunları doğrudan da, Azərbaycanın dünyada tanıdılmasında mühüm rol oynamaqla yanaşı, beynəlxalq idman hərəkatının öncüllərindən olduğunu göstərdi. Bakıda cəmi iki il ərzində iki mötəbər yarışın - 2015-ci ildə ilk Avropa Oyunları və 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə keçirilməsi ölkəmizin necə güclü potensiala malik olduğunu nümayiş etdirdi. Azərbaycanın artıq 7-ci dəfə ev sahibliyi etdiyi 500 milyonluq auditoriyaya malik Formula 1 yarışları şəhər küçələrində baş tutduğu üçün Bakının əla təqdimatıdır. Bütün bunlar idmançılarımızı da ruhlandırır, onların parlaq nailiyyətlərə imza atması üçün stimul rolunu oynayır”.
Ekspert qeyd edib ki, hazırda Bakıda atıcılıq üzrə dünya çempionatı ilə yanaşı, 80-dən çox ölkədən ən güclü zəka sahiblərinin mübarizə apardığı şahmat üzrə Dünya kuboku yarışı keçirilir. Dəqiq gedişləri ilə yüzminləri heyran edən təmsilçimiz Nicat Abasov artıq yarımfinaldadır. Nicat Abbasovun bir-birinin ardınca qələbələrində xalqın güclü dəstəyi, eləcə də, vətənpərvərlik ruhu mühüm rol oynayır. Elə şahmatçının özü də növbəti qələbəsindən sonra turnirin rəsmi saytına açıqlamasında qeyd etmişdi ki, doğma şəhərdə keçirilən avrokuboklarda “Qarabağ” və “Sabah”ın qələbələri ona ruh yüksəkliyi verib”.
Qüdrət Nuriyevin sözlərinə görə, Azərbaycan irimiqyaslı tədbirləri, yarışları keçirməkdə böyük təcrübəyə malikdir. Bütün bu tədbirləri təşkil etmək dövlət dəstəyi olmadan mümkün deyil.
Bu gün ölkəmizin idman infrastrukturunun istənilən beynəlxalq yarışın keçirilməsi üçün böyük imkanlar yaratdığını deyən idman eksperti Milli Gimnastika Arenası, Bakı Olimpiya Stadionu, Bakı İdman Sarayı, Heydər Əliyev adına İdman Konsert Kompleksi, “Su İdman Sarayı”, Bakı Avropa Oyunları Parkı, Bakı Atıcılıq Mərkəzi və digər möhtəşəm idman qurğularının, Olimpiya idman komplekslərinin müasirliyi, çoxfunksiyalılığı ilə diqqəti cəlb etdiyini bildirib. O qeyd edib ki, Azərbaycanın bütün bölgələrində idmanla məşğul olmaq üçün hər bir şərait yaradılıb:
“Artıq bölgələrdə ən böyük idman tədbirlərinin təşkili üçün geniş imkanlar var. 2025-ci ildə III MDB Oyunları Gəncə şəhərində keçiriləcək. Artıq ölkəmizin bütün regionlarında ən müasir standartlara cavab verən idman infrastrukturu qurulur və bu iş sürətlə davam edir. Düşmən işğalından azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq-bərpa işləri, eyni zamanda idman infrastrukturunun qurulması böyük miqyas alıb. Azərbaycanın tarixi Zəfərindən sonra azad edilən ərazilərimizə həyat qayıdır. O bölgələrdə beynəlxalq idman yarışlarının keçirilməsinin çox böyük rəmzi mənası var. Şuşada beynəlxalq şahmat turniri, “Əziz Şuşa” beynəlxalq velosiped yarışı, Suqovuşan gölündə beynəlxalq avarçəkmə turniri, Zəngilanın Ağalı kəndinin ətrafında triatlon üzrə yarış və digər turnirlər çox mühüm əhəmiyyət kəsb edir. Belə irimiqyaslı beynəlxalq turnirlərin paytaxtla yanaşı, bölgələrdə də təşkili ölkəmizin geniş imkanlarını və güclü idman potensialını nümayiş etdirir”.