QURBAN BAYRAMI MÜNASİBƏTİLƏ ŞEYXÜLİSLAMIN TƏBRİKİ BİSMİLLAHİR-RƏHMANİR-RƏHİM!
Bütün İslam dünyasının mübarək bayramı – Eydül-əzha münasibətilə hamınızı təbrik edir, bu əziz gündə müqəddəs Məkkə torpağından sizləri salamlamaqdan böyük şərəf duyuram. Allah qarşısında itaətkarlıq rəmzi, onun qüdrət və əzəmətinə, Kitabına və Peyğəmbərinə imanın təcəssümü olan müqəddəs Qurban bayramı əsrlər boyu insanların daha sıx birləşməsi, onların mənən saflaşmasına, imanlarının kamilləşməsinə xidmət etmişdir.
Yaradanın öz bəndələrinə lütfü, rəhməti və kəramətinin bariz nümunəsi olan Eydül-əzhanı bu il müqəddəs Məkkeyi-mükərrəmədə qarşılamaq xoşbəxtliyi qismətləri olmuş Azərbaycan vətəndaşları bu səadəti bəxş edən Rəbbil-aləmdən Vətənimiz, millətimiz üçün mərhəmət və səadət, dövlətimiz üçün rifah diləyirlər.
Həm bu müqəddəs məkanda, həm də Azərbaycan məscidlərində dualar edən möminlərimiz Allah-Təaladan haqq dünyasına qovuşmuş, dünyanın nüfuzlu dövlət xadimi, taleyimizin ən çətin anlarında bizə öndər olmuş, Ulu Tanrının köməyi ilə millətimizi faciələrdən qurtarmış, ölkəmizdə İslam dininin inkişafı üçün böyük işlər görmüş möhtərəm Heydər Əliyev həzrətlərinin ruhu üçün rəhmət diləyir, onun ən layiqli davamçısı möhtərəm cənab İlham Əliyevə müstəqilliyimiz, istiqbalımızın əbədiliyini təmin etmək, xalqımızı firavan gələcəyə aparmaq, Azərbaycanın haqq işinin təntənəsini yaxınlaşdırmaq yolunda yardımçı olmasını rica edirlər. Biz əminik ki, inşallah, dualarımız müstəcəb olacaq, Ulu Yaradanın nəzəri üzərimizdən əskilməyəcək, kəsdiyimiz qurbanlar Allah dərgahında imanımızın, niyyətlərimizin dürüstlüyünə dəlalət kimi qəbul olunacaqdır!
Bu əziz gündə bir daha xalqımı təbrik edir və sidq ürəkdən dua edirəm ki, bütün həmvətənlərimin evlərində səadət, əmin-amanlıq hökm sürsün, ruziləri bol, imanları kamil olsun. Qoy, müsəlman ümmətinin böyük sevinc bayramı olan Qurban bayramı İslam aləmi üçün xeyir və bərəkətə, mənəvi birliyin güclənməsinə bir vəsilə olsun.
İzzət və Cəlal Sahibi Allah qurbanlarımızı qəbul, pak və ülvi niyyətlərimizi hasil etsin. Amin!
Vəs-səlamu əleykum və rəhmətulahi və bərəkatuhu!
Şeyxülislam Allahşükür Paşazadə,
Qafqaz Müsəlmanları
İdarəsinin sədri.