AZƏRTAC “Novosti” agentliyinə istinadla xəbər verir ki, quş qripinin öhdəsindən gəlmiş Vyetnamın və Tailandın nümunəsi göstərdi ki, bu xəstəliyin pandemiyasının qarşısını almaq mümkündür. Bunu Dünya Səhiyyə Təşkilatının Vyetnamdakı nümayəndəliyinin başçısı Hans Troyedson bildirmişdir. Vyetnamda sonuncu dəfə insanın quş qripinə yoluxması hadisəsi ötən ilin noyabrında qeydə alınmışdır. Tailandda da 2005-ci ilin dekabrından bəri quş qripi barədə məlumat yayılmır. Xatırladaq ki, Vyetnam və Tailand bu xəstəlikdən ən çox zərər çəkən ölkələrdir. Vyetnamda 2003-cü ildən bu xəstəliyə 93 nəfər yoluxmuş, onlardan 42-si ölmüşdür. Tailandda isə 22 xəstədən 14-nü xilas etmək mümkün olmamışdır. Hazırda DST bu dövlətləri quş qripindən azad ölkələr elan etmişdir. Qaydaya görə, 21 gün ərzində xəstəliyə yoluxma qeydə alınmadıqda, həmin ərazi quş qripindən azad elan olunur.
Hans Troyedsonun sözlərinə görə, quş qripi ilə mübarizənin uğurla nəticələnməsi vaksinləşmənin və quşların kəsilməsinin qaydalara uyğun həyata keçirilməsi ilə maarifləndirmə işlərinin əlaqəli görülməsidən asılıdır. Onun fikrincə, bu ölkələrin təcrübəsi göstərir ki, H5N1 quş qripi ştammı insanlar arasında pandemiyaya səbəb olmaya bilər. H.Troyedson demişdir ki, bu gün mən, iki il əvvəl olduğu kimi, quş qripi pandemiyasının qaçılmaz olduğuna əmin deyiləm. Lakin bu, insanlar üçün təhlükənin sovuşması demək deyildir. Əvvəl-axır insanlar arasında qrip pandemiyası mütləq baş qaldıracaqdır. Lakin ehtimal ki, o, başqa virusdan əmələ gələcəkdir.