“Quzğun” sözsüz audiovizual tamaşasının premyerası keçirilib















Bakı, 5 aprel, Anara Axundova, AZƏRTAC
Teatr O2 məkanında “Quzğun” sözsüz audiovizual tamaşasının premyerası keçirilib. Tamaşa multimedia rəssamı Çingiz Babayevin əsərlərinin motivləri əsasında hazırlanıb.
AZƏRTAC xəbər verir ki, ideya müəllifləri rejissor Konstantin Soldatov və qeyri-adi tamaşada baş rolu özü ifa edən rəssam Çingiz Babayevdir.
Tamaşa teatrın foyesində başlayır. Burada yaradıcılığı bir janrın və ya incəsənət növünün hüdudlarından çox-çox kənara çıxan çoxşaxəli rəssam Çingiz Babayevin əsərləri nümayiş olunur. O, müasir incəsənət sahəsindəki təcrübələri və konseptual xalçalar ilə tanınır, burada ənənəvi sənətkarlıq müasir incəsənətin təsiri altında transformasiya edilir.
Burada tamaşaçıların gözü qarşısında canlı instalyasiyalar yaranır. “Quzğun” azadlığın dəyəri haqqında audiovizual hekayədir. Qara qarğalardan ibarət naxışların tək bir hərəkətə qovuşduğu, sürünün sarsılmaz qanunlara tabe olaraq bir istiqamətə uçduğu bir dünyada tək-tənha ağ quzğun peyda olur. O, ümumi ritmə uyğun gəlmir, sürüyə qalib gəlməyə cəhd etmir – bu, mümkün deyil. Amma o, məğlub ola da bilməz, çünki onun mübarizəsi döyüş deyil, çıxış yolu axtarışıdır...
AZƏRTAC-ın müxbiri ilə söhbətində rejissor Konstantin Soldatov tamaşa üzərində işin necə aparıldığı barədə bəhs edib:
“Rəssam müəyyən bir əsər yaradanda forma, məna, faktura axtarışında müəyyən bir yol keçir və burada bizim üçün vacib olan nəticə deyil, yolun özüdür. Tamaşamız Çingiz Babayevin əsərləri, qara sürü və bir ağ quzğun təsvir olunan xalçanın eskizləri əsasında qurulub. Bizim üçün bu tamaşada canlı proses və rəssamın araşdırması vacibdir. Tamaşa üzərində iş davam edir. Hətta premyeradan sonra da bizi düzəlişlər və yeni səhnələr gözləyir”.
Rəssam Çingiz Babayev həmçinin tamaşada iştirakla bağlı təəssüratlarını bölüşüb:
“Mən özümü aktyor rolunda hiss etmirəm, çünki özümü emalatxanamda təsəvvür edirəm. Əlbəttə ki, bu prosesdə tamaşaçılar iştirak edirlər. Emalatxanada tək oturub bir şey yaratmaq mənim üçün bir qədər gizli görülən fəaliyyətdir. Əvvəllər art-perfomanslarım olub, amma ilk dəfədir tamaşa formatında işləyirəm. Rejissor Konstantin Soldatov üçün də düşünürəm ki, bu iş maraqlıdır, çünki ürəyində bu cür təcrübələr etmək istəyi var. Digər tamaşalarında işi fərqli şəkildə qurur. Burada isə ona təcrübə aparmaq imkanı yarandı. Biz bunu məmnuniyyətlə edirdik. Bu, çox yaxşı bir tandem idi. Prosesdən çox böyük zövq aldım!”