RABİTƏÇİ PEŞƏ REABİLİTASİYA MƏRKƏZİ VƏ MASAJ KLUBU AÇILMIŞDIR
AZƏRTAC xəbər verir ki, sentyabrın 17-də Azərbaycan Gözdən Əlillər Cəmiyyətində (GƏC) rabitəçi peşə reabilitasiya mərkəzinin və masaj klubunun açılışı olmuşdur. Bu münasibətlə keçirilən tədbirdə GƏC-in prezidenti Səmyar Abdullayev demişdir ki, gözdən əlil inasanların peşə keyfiyyətlərinin yaxşılaşdırılması və yeni peşələrə yiyələnməsi məqsədi ilə Böyük Britaniyanın “Ofxam” Beynəlxalq Hümanitar Təşkilatının maliyyə dəstəyi ilə yeni üçillik (2008-2011) layihənin icrasına başlanmışdır. Layihə çərçivəsində kor və zəifgörən insanlara beynəlxalq təcrübələrə əsaslanaraq rabitə sahələri üzrə peşələrin öyrədilməsi və əmək bazarına inteqrasiyası məsələləri nəzərdə tutulmuşdur. Layihənin uğurla həyata keçirilməsi üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Rabitə Kolleci, Aztelekom İstehsalat Birliyi və digər təşkilatlarla əməkdaşlıq edilir.
GƏC-in prezidenti vurğulmışdır ki, iki il bundan öncə fəaliyyətə başlayan Masaj peşə reabilitasiya mərkəzini 55 nəfər məzun bitirmiş və onlardan 23-ü işlə təmin edilmişdir.
İlk dəfə təşkil edilmiş rabitəçi peşə reabilitasiya mərkəzində isə 20 nəfər gənc təhsil alacaqdır.
Tədbirdə çıxış edənlər əlillərin məşğulluq probleminin həlli, mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində görülmüş işlərdən, əlillərə göstərilən dövlət qayğısından danışmışlar.