İQTİSADİYYAT
RABİTƏÇİLƏRİN BAYRAM SOVQATI
Rabitə naziri Nadir Əhmədov başda olmaqla nazirliyin nümayəndələri Biləsuvar rayonundakı çadır şəhərciklərində məskunlaşmış məcburi köçkünlərlə görüşə getmişlər.
Görüşdə çıxış edən nazir Nadir Əhmədov Dünya azərbaycanlılarının həmrəyliyi günü və Yeni il bayramları münasibətilə soydaşlarımızı təbrik etmiş, Prezident Heydər Əliyevin vəzifəli şəxslərə “məcburi köçkünlərlə bir yerdə olub, onların vəziyyəti ilə yaxından tanış olun” -tapşırığına əsasən məhz buraya gəldiklərini vurğulamışdır. “Çətin günün ömrü az olar” kəlamını xatırladan nazir müdrik Prezidentimizin yorulmaz fəaliyyəti nəticəsində məcburi köçkünlərə öz doğma torpaqlarına qayıdacaqlarına əmin olduğunu söyləmişdir.
Rabitəçilər özləri ilə gətirdikləri ərzaq məhsullarını, 42 ton unu və uşaq bağçası üçün yeni il sovqatını məcburi köçkünlərə təqdim etmişlər. Onlara olan daimi qayğını hiss etdiklərini söyləyən məcburi köçkünlər Prezidentimizin daxili və xarici siyasətini dəstəklədiklərini bildirmiş, onun qətiyyəti sayəsində tezliklə yurd yuvalarına qayıdacaqlarına inandıqlarını vurğulamışlar.
Məcburi köçkünlərlə görüşdə Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə iştirak etmişdir.