RADİKAL MÜXALİFƏT LİDERLƏRİNİN HƏRƏKƏTLƏRİ QƏTİYYƏTLƏ PİSLƏNİLİR
ANAR XALİDOV (ALP-nin keçmiş üzvü, Xaçmaz şəhərinin sakini): Mən noyabrın 6-da Milli Məclisə keçirilmiş seçkilərdə Liberal Partiyasından müşahidəçi olmuşam. Özüm şahidi oldum ki, seçkilər çox demokratik, çox şəffaf şəkildə keçdi. Radikal müxalifətə sözüm budur ki, mən onları dəstəkləmirəm, bir gənc kimi öz adımdan və bütün gənclər adından onları pisləyirəm. Bu gündən etibarən özümü partiya sıralarından kənar hesab edirəm və onları dəstəkləmək fikrində deyiləm.
NİFTƏLİ ƏSFƏNDİYEV (Müsavat Partiyasının keçmiş üzvü, Xaçmaz rayonunun sakini): Müsavat partiyasından müşahidəçi kimi noyabrın 6-da Milli Məclisə keçirilmiş seçkiləri izləmişəm. Heç bir narazılıq olmadı, düzgün seçki keçirildi. İndi isə müxalifət partiyaları seçkilərlə əlaqədar mitinqlər keçirərək, Bakıda qarşıdurma yaratmağa çalışırlar. Bu, düzgün deyil və mən bu hərəkətlərə etiraz olaraq Müsavat Partiyasından imtina edirəm.
NEMƏT YADİGAROV (Müsavat partiyasının keçmiş üzvü, Salyan rayonu Yenikənd kəndinin sakini): 1999-cu ildən Müsavat Partiyasının üzvü olmuşam. Bu günlərdə Əli Kərimovun, Lalə Şövkətin, İsa Qəmbərin ölkəmizdə apardığı qeyri-konstruktiv siyasətini bəyənmədiyimə görə partiya sıralarını tərk edirəm. Onu da nəzərə çatdırım ki, noyabrın 26-da keçirilən qeyri-qanuni mitinqi qətiyyən təqdir etmirəm və üzümü keçmiş partiya yoldaşlarıma tutub deyirəm ki, hörmətli Prezidentimiz cənab İlham Əliyevin xarici və daxili siyasətini və mənim tutduğum mövqeyi dəstəkləsinlər.
ŞƏFAYƏT QULİYEV (AXCP-nin keçmiş üzvü, Biləsuvar rayonunun sakini): AXCP-ni həmişə dəstəkləmişəm, ona xidmət etmişəm, aksiyalarda iştirak etmişəm. 6 noyabr parlament seçkiləri şəffaf və demokratik keçdi, heç bir təzyiq olmadı. AXCP üzvləri isə deyirlər ki, seçkilər düzgün keçməyib, təzyiqlər olubdur. Gərək düzgün danışasan. Mən AXCP-yə qulluq edirdim. Artıq mən o partiyaya nifrət edirəm, o partiyaya qulluq eləmirəm. Bu gündən etibarən Yeni Azərbaycan Partiyasının sıralarına qoşulmaq istəyirəm və bu partiyanı dəstəkləyirəm.
ƏLÖVSƏT YUSİFOV (AXCP-nin keçmiş üzvü, Qazax rayonu Qazaxbəyli kəndinin sakini): 1988-ci ildən AXC-nin yaradıcılarından biri olmuşam. Amma çox təəssüf. Bu gün mən bunu ona görə peşmançılıq hissi keçirirəm ki, mənim əqidə yoldaşlarım, - Xalq Cəbhəsi Vətən uğrunda yaranmışdı, - Vətənə xidmət edəsi olmadılar. Mən bundan utanıram, onların əvəzinə xəcalət çəkirəm. Çünki Qarabağ müharibəsinin yarası mənim sinəmdədir.
İndi Bakıda keçirilən bu nümayişlər, yürüşlər, bu hərəkətlər o vaxt düşmənə qarşı olsaydı, biz bu gün qaçqın-köçkünləri çadırlarda saxlamazdıq. Onların bu hərəkətlərini gördüm və üzv olduğum partiyadan çıxmaq üçün ərizəmi yazmışam, vəsiqəmi də cırıb atıram.
FAİQ RƏHİMOV (AMİP-in keçmiş üzvü, Tovuz rayonunun sakini): Keçirilən bu mitinqlərin hamısı mənasızdır. Ona görə ki, elə müxalifətin özü öz içində saxtakarlıqla məşğuldur, mən bunun dəfələrlə şahidi olmuşam. Ona görə də mən istefa vermişəm, xahiş edirəm ki, müxalifət getsin öz işləri ilə məşğul olsun. Xalqın iradəsini sındırmaq olmaz. Milli İstiqlal Partiyasını tərk edərək, xahiş edirəm ki, məni Yeni Azərbaycan Partiyası sıralarına üzv qəbul eləsinlər.
AZƏR ORUCOV (ADP-nin keçmiş üzvü, Qusar rayonunun sakini): Müxalifətin hərəkətlərini pisləyirəm. Müxalifət partiyaları 6 noyabr 2005-ci ildə Milli Məclisə keçirilən seçkilər zamanı məğlub olmalarını bilərək, qəsdən Bakı şəhərində aksiyalara başlamışdır. Bu aksiyalar da şəhər sakinlərinin dincliyini pozur. Müxalifət partiyalarının bu hərəkətini görərək, Azərbaycan Demokrat Partiyasının sıralarını tərk edirəm.
MURAD MƏLİKOV (AXCP-nin keçmiş üzvü): Uzun müddətdir AXCP-nin üzvüyəm, lakin bu partiyanın heç bir perspektivi olmadığı üçün onun üzvlüyündən imtina edirəm.
VİDADİ ƏLİYEV (Müsavat Partiyasının keçmiş üzvü, Xocalıdan məcburi köçkün): Onların haqsız iradları, qeyri-konstruktiv hərəkətləri Müsavat partiyasından çıxmağıma səbəb olmuşdur.
XURAMAN ƏSGƏROVA (Müsavat Partiyasının keçmiş üzvü, Əli Bayramlı şəhərinin sakini): 1994-cü ildən partiyanın üzvüyəm. Vaxtilə bütün tədbirlərində iştirak eləmişəm. Ancaq noyabrın 6-da keçirilən parlament seçkilərindəki məğlubiyyətlə barışmayan, şəffaf, demokratik qaydada baş tutan seçkilərin nəticələrini qəbul eləməyən müxalifətin əməllərini gördüyüm üçün bu partiyadan imtina edirəm. Prezidentimizin siyasətini dəstəkləyirik, onun tutduğu mövqe və apardığı siyasət hamımız tərəfindən xoş qarşılanır. Ona görə də mən Yeni Azərbaycan Partiyasına üzv olmaq istəyirəm.
ƏLİĞA ƏLİYEV (AXCP-nin keçmiş üzvü, Əli Bayramlı şəhərinin sakini): 1991-ci ildə AXCP-nin sıralarına daxil olmuşam. Müxalifətdə olan qüvvələr mitinqlər, aksiyalar keçirərkən azyaşlı uşaqları da cəlb edirlər. Onların amalı bu hərəkətləri ilə Azərbaycanın beynəlxalq imicini aşağı salmaq və eyni zamanda, dövlətimizə arxadan zərbə vurmaqdır. Ona görə də qərara gəlmişəm ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasından çıxaraq, Yeni Azərbaycan Partiyası sıralarına daxil olum.