Rauf Hacıyev: Su idarəçiliyində ekoloji yanaşma seçim deyil, strateji zərurətdir
Bakı, 11 sentyabr, AZƏRTAC
Ölkənin su ehtiyatlarının 70 faizindən çoxu transsərhəd mənbələrdən formalaşır. Bu reallıq göstərir ki, su resursları üzrə təkcə daxili siyasətlə kifayətlənə bilmərik, eyni zamanda, regional proseslərin bir parçası olaraq hərəkət etməliyik.
AZƏRTAC xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransı - “Baku Water Week” çərçivəsində keçirilən "Su idarəetməsində liderlik: Regional və qlobal perspektivlər" mövzusunda plenar sessiyada deyib.
Nazir müavininin sözlərinə görə, su ehtiyatlarının çirklənməsi və qıtlığı təkcə ekosistemlər üçün deyil, həm də ölkələrin iqtisadi və sosial sabitliyi üçün birbaşa risk yaradır: “Suyun keyfiyyəti pozulduqda kənd təsərrüfatında məhsuldarlıq azalır, ictimai su təchizatı çətinləşir. Həmçinin ictimai sağlamlıq təhlükə altına düşə, nəticədə sosial gərginliklər yarana bilər. Nazirlik su ehtiyatlarının qorunması məqsədilə bir sıra prioritet istiqamətlər müəyyənləşdirib. İlk növbədə müasir monitorinq sistemləri tətbiq olunur. Hidrobioloji və kimyəvi analizlər, peyk müşahidələri və rəqəmsal bazalar vasitəsilə çaylarda, göllərdə və yeraltı sularda ekoloji vəziyyət izlənilir. İkinci istiqamət ekoloji ekspertizadır. İstənilən layihə və ya infrastrukturun həyata keçirilməsi zamanı su ehtiyatlarına təsir ciddi şəkildə qiymətləndirilir. Üçüncü istiqamət isə beynəlxalq hesabatlılıqdır. Azərbaycan BMT-nin Su konvensiyana daxil olmaqla, beynəlxalq mexanizmlər çərçivəsində öhdəlikləri yerinə yetirir və regional əməkdaşlığa töhfə verir. Eyni zamanda, su ehtiyatlarının qorunması ilə bağlı ekosistem yanaşmasını əsas tuturuq. Çay hövzələrinin ekoloji balansının qorunması, yaşıllıqların bərpası, meşə zolaqlarının artırılması kimi tədbirlər yalnız təbiəti qorumaqla məhdudlaşmır, həm də su dövranını sabitləşdirir və iqlim dəyişikliyinin mənfi təsirlərini azaldır. Beləliklə, Azərbaycanın mövqeyi aydındır: Su idarəçiliyində ekoloji yanaşma artıq seçim deyil, strateji zərurətdir. Bu, həm daxili ekosistemlərin sağlamlığına, həm də regional sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə xidmət edir. Nazirlik olaraq, biz həmin missiyanı davam etdirərək bütün tərəfdaşlarla birgə daha davamlı ekoloji cəhətdən təhlükəsiz gələcək qurmaq üçün əməkdaşlığa hazırıq".