Rauf Səlimov: Azərbaycan DİM statistikasının milli sistemini qurmağı bacarıb
Bakı, 26 sentyabr, AZƏRTAC
BMT-nin 2015-ci ildə irəli sürdüyü “Dayanıqlı İnkişaf Məqsədləri” (DİM) təşəbbüsünü həyata keçirmək üçün Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi öz işini yeni çağırışlara uyğun qurmağa başladı və 2016-cı ildə komitədə Dayanıqlı inkişaf şöbəsi yaradıldı.
AZƏRTAC xəbər verir ki, bu sözləri Dövlət Statistika Komitəsinin sədr müavini Rauf Səlimov Bakıda keçirilən 3-cü Beynəlxalq Statistika Forumunda “Dayanıqlı İnkişaf Statistikası” mövzusunda keçirilən sessiyada çıxışı zamanı deyib.
O bildirib ki, işin keyfiyyətli reallaşması üçün məlumatların mənbəyi müəyyənləşdirilib, müvafiq orqanlar və beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələri qurulub və məlumatların toplanmasına başlanılıb.
“Azərbaycan Respublikası Prezidentinin 6 oktyabr 2016-cı ilə tarixli Fərmanı ilə dayanıqlı inkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradıldı və müvafiq strukturların vəzifələri müəyyənləşdirildi, yol xəritəsi hazırlandı. DİM məqsədlərinə nail olmaq üçün bu Fərmana uyğun olaraq qəbul edilən bütün dövlət proqramları, strategiya, ölkə daxilində həyata keçiriləcək işlər Dövlət Statistika Komitəsi ilə razılaşdırılmalıdır. Azərbaycan DİM statistikasının milli sistemini qurmağı bacardı və mütəmadi olaraq məlumatları istehsal edib ictimaiyyətə təqdim edir”, -deyən R. Səlimov təcrübə mübadiləsinin, yeni məlumat mənbələrinin, resursların tətbiqini və beynəlxalq əməkdaşlığın genişlənməsinin zəruri olduğunu nəzərə çatdırıb.