Rəşad Mahmudov: Uğurlu orqan transplantasiyası işini mükəmməl şəkildə həyata keçirməyə qadirik
Bakı, 20 dekabr, AZƏRTAC
Ölkəmizin bütün sahələrində olduğu kimi, sosial sahənin ən vacib elementi olan səhiyyə sahəsində də həyata keçirilən yeniliklər, görülən işlər, aparılan islahatların məsuliyyətini hiss edirik. Bu sahədə orqan transplantasiyası işinə verdiyimiz töhfə önəmli motivasiya qaynağı ilə burada olan problemlərin həlli istiqamətində uğurlar qazandıracağına inanırıq.
AZƏRTAC xəbər verir ki, bu sözləri dekabrın 20-də Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin təşkilatçılığı ilə Bakıda “Orqan transplantasiyası: aktual məsələlərin multisektoral həlli” mövzusunda keçirilən dəyirmi masada Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, Əməkdar həkim Rəşad Mahmudov söyləyib.
“Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi kimi biz də öz məsuliyyətimizi hiss edirik. Belə tədbirlərin keçirilməsi bizim üçün böyük fürsətdir. Çünki bu dəyirmi masada həm bu işə böyük bir töhfə verməklə, özümüzdən əlavə olaraq potensiala sahib nə qədər güclərin olduğunun fərqində olmaqla bu işə daha hansı töhfələr verə bilərik deyə müzakirələr aparılır. Bu gün hər kəs bu məsələyə inanmır, insanlarda bununla bağlı bir şübhə, əlbəttə ki, var. Amma hiss edirik ki, insanlar buna maraq duyurlar. Biz Azərbaycan səhiyyəsinin gücünə inanırıq, bunun məsuliyyətini hiss edərək ölkəmizdə uğurlu orqan transplantasiyası işini mükəmməl şəkildə həyata keçirməyə qadirik”, - deyə R.Mahmudov əlavə edib.