Rəşad Nəbiyev: Biz insan kapitalına böyük sərmayə yatırırıq
Bakı, 29 sentyabr, AZƏRTAC
Yaxın günlərdə Bakı şəhərində Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU) ilə birgə Sürətləndirici Mərkəz fəaliyyətə başlayacaq.
AZƏRTAC xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “INMerge” İnnovasiya Sammitində çıxışı zamanı deyib.
O bildirib ki, bu, təkcə ölkəmiz üçün deyil, bütövlükdə Mərkəzi Asiya üçün unikal təşəbbüsdür.
“Məhz buna görə qlobal texnologiya şirkətləri Azərbaycanda öz mövcudluqlarını gücləndirməyə başlayıblar. Son aylar “Andersen Lab”, “Xsoll”, EPAM və digər IT şirkətləri Bakıda ofislərini açıb, EPAM isə, hətta tədqiqat və inkişaf laboratoriyasını təsis edib”, - deyə nazir bildirib.
R.Nəbiyev xatırladıb ki, ötən həftə ilk dəfə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Ədliyyə Nazirliyinin birgə əməkdaşlığı çərçivəsində “E-qanun.ai” platforması təqdim olunub, həmçinin Böyük Dil Modeli (LLM) layihəsi təqdim olunub: “Bu texnologiya yaxın illərdə yüzlərlə, bəlkə də minlərlə vəzifəni əvəzləyə bilər. Etiraf etməliyik ki, hələ görüləsi işlər çoxdur. Təəssüf ki, Azərbaycan İKT məhsullarının ixracı üzrə bəzi ölkələrdən geri qalır. Əsas amillərdən biri istedad məsələsidir. Elm və Təhsil Nazirliyi ilə birgə bu istiqamətdə sıx əməkdaşlıq edirik. Aşkar etdik ki, hər il 2000-dən çox İT mütəxəssisi universitetlərimizi bitirir. Bu, bazarın tələbindən çoxdur. Lakin buradakı əsas problem məzunların keyfiyyəti ilə bazarın tələbləri arasında uyğunsuzluqdur. Biz insan kapitalına böyük sərmayə yatırırıq. Məktəblərdə rəqəmsal bacarıqlar proqramını genişləndirir, universitet proqramlarını təkmilləşdirir, əmək bazarında olan kadrları isə özəl sektorla əməkdaşlıq çərçivəsində yenidən hazırlayırıq. Məqsədimiz minlərlə Azərbaycan gənci üçün rəqabət aparmaq və qlobal səviyyədə uğur qazanmaq imkanları yaratmaqdır”.