Rəsədxana: Sabah G2 səviyyəsində geomaqnit qasırğası gözlənilir
Bakı, 2 iyul, AZƏRTAC
Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.
Rəsədxanadan AZƏRTAC-a bildirilib ki, Günəş fəallığı artıb. Mərkəzi meridian yaxınlığında yerləşən 4479 ləkə regionunda güclü alışma baş verib, 4478 və 4479 bölgələrində isə mürəkkəb maqnit quruluşu səbəbindən ardıcıl M sinifli alışmalar qeydə alınıb. Bunun nəticəsində R1–R3 səviyyəli radiofasilələr, II–IV tip radioemissiya və 10 santimetr diapazonda radioalışmalar müşahidə olunub.
Günəşdə ləkələrin sayı artıb (4 qrupda 139 ləkə) və cənub qütbü yaxınlığında Tac dəliyi müşahidə edilib.
Günəş küləyinin sürəti saniyədə 508 kilometrədək yüksəlib, hazırda isə normal səviyyədədir (382 km/san). Planetlərarası maqnit sahəsində dəyişkənlik müşahidə olunub.
İyunun 30-da və iyulun 1-də G1 zəif geomaqnit qasırğası baş verib. İyulun 2-dən 5-dək Günəşdə yüksək aktivlik (C sinif 99 faiz, M sinif 70 faiz, X sinif 20 faiz ehtimalı ilə alışmalar), tac kütlə atılmalarının təsiri ilə güclənən Günəş küləyi və hissəcik axınları fonunda iyulun 3-də G2, iyulun 4-də isə G1 səviyyəli geomaqnit qasırğası gözlənilir.