RESPUBLİKA ELMİ TƏDQİQATLARIN TƏŞKİLİ VƏ ƏLAQƏLƏNDİRİLMƏSİ ŞURASI BÜROSUNUN İCLASI KEÇİRİLMİŞDİR
AMEA-nın prezidenti, akademik Mahmud Kərimov dövlətimizin başçısının “Azərbaycan Milli Elmlər Akademiyasının statusu haqqında” 2003-cü il 4 yanvar tarixli Fərmanı ilə elmi tədqiqat işlərinin əlaqələndirilməsinin, istiqamətləndirilməsinin və s. akademiyaya həvalə olunduğunu xatırlatmışdır. O, Fərmanın icrası ilə əlaqədar AMEA rəyasət heyətinin 2004-cü il 11 fevral tarixli qərarı ilə Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurasının yaradıldığını, onun tərkibinə görkəmli alim və mütəxəssislərin daxil edildiyini söyləmişdir.
Akademik Asəf Nadirov elmi tədqiqatların əlaqələndirilməsi və elmin istiqamətləri üzrə problem şuralarının fəaliyyətinin təkmilləşdirilməsi, doktorluq və namizədlik dissertasiyalarının mövzuları haqqında məlumat vermişdir.
Qeyd olunmuşdur ki, respublikada bütün elm sahələrində aparılacaq tədqiqat işləri haqqında təkliflər hazırlanmış və ilk dəfə olaraq 25 əsas elmi istiqamət müəyyənləşdirilmiş, 60-a yaxın aktual elmi problem qruplaşdırılmış və onlara uyğun 1000-ə qədər mövzu seçilmişdir.
İclasda akademiklər Ə.Əmiraslanov, C.Quliyev, AMEA-nın müxbir üzvləri A.Əfəndiyev, A.Məhərrəmov və digər alimlər çıxış etmiş, təkliflər vermişlər.