Respublika fənn olimpiadalarının final turunun ilk mərhələsi keçirilib
Bakı, 5 iyun, AZƏRTAC
İyunun 5-də Respublika fənn olimpiadalarının riyaziyyat və fizika fənləri üzrə final turu keçirilib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, final turu Bakı, Şirvan, Mingəçevir şəhərləri, Quba rayonu və Naxçıvan Muxtar Respublikası olmaqla 6 müxtəlif mərkəzdə təşkil edilib. Hər fənn üzrə 72 şagirdin iştirak etdiyi final turunda şagirdlərə 5 tapşırıq təqdim edilib və həlli üçün 4 saat vaxt verilib.
Olimpiadanın keçirildiyi mərkəzlərdə iştirakçıların təhlükəsizliyinin təmin edilməsi, sağlamlığının qorunması məqsədilə koronavirusa qarşı bütün qabaqlayıcı tədbirlər həyata keçirilib, dezinfeksiya işləri aparılıb. Məktəblilərin əvvəlcə hərarətləri yoxlanılıb, daha sonra olimpiadada iştirakına icazə verilib. Respublika fənn olimpiadalarının respublika mərhələsi aşağı və yuxarı olmaqla iki müxtəlif yaş qrupları üzrə aparılır.
Olimpiadalar “Kapital Bank”ın sponsorluğu ilə təşkil edilir.