Respublika Gənclər Kitabxanası “Bunlar maraqlıdır” aksiyasını sosial şəbəkə izləyicilərinə təqdim edib
Bakı, 23 iyul, AZƏRTAC
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası izləyicilərin, xüsusilə də, gənclərin marağına səbəb ola biləcək maraqlı, interaktiv və əyləncəli məlumatlarla zəngin “Bunlar maraqlıdır” aksiyasına start verilib.
AZƏRTAC xəbər verir ki, kitabxana bu aksiya çərçivəsində silsilə xarakterli videomateriallar hazırlayaraq, sosial şəbəkə izləyicilərinə təqdim edib. Belə ki, aksiya çərçivəsində meyvə və tərəvəzlərin orqanizmə faydası, dünyanın 7 möcüzəsi, Azərbaycanda çəkilən xarici filmlər və s. mövzularda maraqlı materiallar hazırlanıb. Kitabxananın əməkdaşları tərəfindən hazırlanan bu materiallarda dünyanın 7 möcüzəsi sayılan Misir piramidaları, İsgəndəriyyə mayakı, Babilin asma bağları, Artemis məbədi, Rodos heykəli, Halikarnasda Mavsolun məqbərəsi, Olimpdə Zevsin heykəli haqqında ətraflı məlumat verilib. Aksiyanın ölkəmizdə çəkilən xarici filmlər bölməsində isə müəyyən səhnələri Azərbaycanda lentə alınmış xarici kinematoqrafiyanın nümunələri olan “Əli və Nino”, “Mahmud və Məryəm”, “Forsaj”, “Dünya kifayət deyil”, “Absurdistan” və s. filmləri haqqında qısa, lakin maraqlı məlumatlar verilir.
Bu aksiyanın əsas məqsədi izləyiciləri onlar üçün maraqlı ola biləcək məlumatlar ilə interaktiv və əyləncəli formada tanış etməkdən ibarətdir. Kitabxana gələcəkdə də sözügedən rubrikanı davam etdirmək və izləyicilərini yeni-yeni maraqlı videomateriallar ilə məlumatlandırmaq niyyətindədir.