Respublika Günü münasibətilə N hərbi hissəsində tədbir təşkil edilib
Bakı, 28 may, AZƏRTAC
28 may - Respublika Günü münasibətilə Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə N nömrəli hərbi hissədə tədbir keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə ümummilli lider Heydər Əliyevin, eləcə də Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından, müstəqilliyimizin keşməkeşli yollarından, milli dövlətçiliyimizin parlaq səhifələrindən danışılıb, xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamlarına əsasən bu tarixi günün hər il xalqımız tərəfindən bayram edildiyi xüsusi vurğulanıb.
Sonda Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivi konsert proqramı ilə çıxış edib.