Respublika Seysmoloji Xidmət Mərkəzində il ərzində görülən işlər müzakirə edilib
Bakı, 8 dekabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Elmi-Texniki Şurasının iclası keçirilib.
Mərkəzin İnformasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, onlayn keçirilən iclasda mərkəzdə 2020-ci ildə aparılmış elmi-istehsalat işlərinin nəticələrinə dair illik hesabatlar təqdim edilib.
Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli 44 günlük Vətən müharibəsində xalqımızın əldə etdiyi qələbədən danışıb. Vətən müharibəsində Azərbaycan seysmoloqlarının da iştirak etdiyini qeyd edən baş direktor əməkdaşları Qələbə münasibətilə təbrik edərək bildirib ki, İkinci Qarabağ müharibəsində mərkəzin iki əməkdaşının övladı şəhid olub. Vətən uğrunda həlak olan bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərkəzin elmi və elmi-istehsalat işlərinə dair müvafiq şöbələr üzrə hesabatlar təqdim olunub.