Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb
Bakı, 14 oktyabr, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 90-110, Kiçik Qafqazın çaylarında 150-160, Lənkəran-Astara bölgəsi çaylarında isə 40-60 faizini təşkil edir.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, oktyabrın 14-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 5 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 160 m3/s olmaqla ongünlük normanın 95 faizini təşkil edir. 2014-cü ildə isə bu rəqəm 167 m3/s olmaqla ongünlük normanın 99 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 11 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 105 m3/s olmaqla, ongünlük normanın 98 faizini təşkil edir. 2014-cü ildə isə bu göstərici 108 m3/s təşkil edərək ongünlük normanın 101 faizinə bərabər olub.
Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 5, Şirvanda 7, Bankədə 1, Araz çayının Novruzlu məntəqəsində 3 sm azalma qeydə alınıb, Salyanda isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 349 sm (2014-cü il oktyabrın 14-də 317 sm), Şirvanda 232 sm (2014-cü il oktyabrın 14-də 191 sm), Salyanda 185 sm (2014-cü il oktyabrın 14-də 140 sm), Bankədə 183 sm (2014-cü il oktyabrın 14-də 173 sm), Araz çayının Novruzlu məntəqəsində isə 60 sm (2014-cü il oktyabrın 14-də 40 sm) təşkil edir.