RF FEDERASİYA ŞURASI SENATOR LEVON ÇAXMAXÇYANI TOXUNULMAZLIQ HÜQUQUNDAN MƏHRUM ETMİŞDİR
Xəbər verildiyi kimi, iyunun 2-də “Rusiya-Ermənistan İşgüzar Əməkdaşlıq Assosiasiyası” qeyri-kommersiya təşkilatının baş mühasibi İqor Aruşanovun həbsi zamanı (həbs Levon Çaxmaxçyanın yanında icra olunmuşdur) əməliyyat işçiləri tərəfindən işarələnmiş 300 min ABŞ dolları aşkar edilmişdir. Baş Prokurorluq və Federal Təhlükəsizlik Xidmətinin birgə keçirdikləri əməliyyat zamanı Rusiya Hesablama Palatası auditorunun köməkçisi Armen Ohanesyan da tutulmuşdur. Həbs tədbiri mütəşəkkil cinayətkar qrupun tərkibində fırıldaqçılıq yolu ilə sahibkarlardan böyük məbləğdə pul vəsaiti oğurlayan bir sıra şəxslərə qarşı açılmış cinayət işi çərçivəsində icra edilmişdir.
Tutularkən senator Levon Çaxmaxçyan toxunulmazlıq hüququ olduğu üçün həbsə alınmamışdır. L.Çaxmaxçyanın toxunulmazlıq səlahiyyətindən məhrum edilməsi onu cinayət məsuliyyətinə cəlb etməyə imkan verəcəkdir.