Rotterdamda “21 Azər hərəkatı”na həsr olunmuş tədbir keçirilib
Rotterdam, 19 dekabr, AZƏRTAC
Rotterdamda Benilüks Azərbaycanlıları Konqresinin (BAK) “Qarabağ” idman klubunun ofisində “21 Azər hərəkatı”na həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Niderlandda fəaliyyət göstərən Azərbaycan və türk Assosiasiya və icmalarının üzvləri iştirak ediblər.
Əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət və Dünya Azərbaycanlılarının Milli himnləri səsləndirilib, “21 Azər hərəkatı”na dair film nümayiş olunub.
Benilüks Azərbaycanlıları Konqresinin sədri Elsevər Məmmədov “21 Azər hərəkatı”nın xalqımızın tarixinin mühüm hissəsi olduğunu vurğulayıb.
BAK sədrinin müavini Sima Cəfərova XX əsrdə Cənubi Azərbaycanda baş verən mühüm ictimai-siyasi proseslərdən söz açaraq, “21 Azər hərəkatı”na qədər Səttarxan, Xiyabani və digər milli oyanış hərəkatının tarixini xatırladıb.
Benilüks Azərbaycanlıları Konqresinin Cənubi Azərbaycan üzrə nümayəndəsi Araz Ataxan, Konqresin İdarə heyətinin üzvü, Azərbaycan-Hollandiya Həmrəylik Cəmiyyətinin sədri Niyazi Əmikişiyev, Beynəlxalq Xanımlar Klubunun təsisçisi Kəmalə Cəlilova, Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının üzvü Cəfər Gündoğdu “21 Azər hərəkatı”nın Azərbaycanın milli mübarizə tarixində mühüm yer tutmasından danışıb, Azərbaycan Milli Hökumətinin mühüm xidmətlərindən söz açıblar. Çıxışlarda Azərbaycan xalqının tarixində mühüm yer tutan “21 Azər hərəkatı” ilə yanaşı, digər milli mübarizə hərəkatlarından, 44 günlük Vətən müharibəsindən, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsindən də geniş bəhs olunub.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Rotterdam