RSXM-in əməkdaşları “Kinemetrics” şirkəti tərəfindən keçirilən vebinarda iştirak ediblər
Bakı, 6 aprel, AZƏRTAC
ABŞ-nin “Kinemetrics” şirkəti tərəfindən tərəfdaş ölkələrin seysmoloji mərkəzlərinin əməkdaşları üçün növbəti vebinar keçirilib.
Vebinarda Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Zəlzələlərin tədqiqatı bürosunun rəisi, yer elmləri üzrə fəlsəfə doktoru Səidə İsmayılova və büro rəisinin müavini Ruqiyyə Kərimova iştirak ediblər.
Mərkəzin İnformasiya şöbəsindən AZƏRTAC-a verilən xəbərə görə, vebinarda “Kinemetrics” şirkətinin vitse-prezidenti, Açıq Sistemlər və Xidmətlər şöbəsinin rəhbəri Mathias Franke “Məlumatların toplanması” mövzusunda məruzə ilə çıxış edib. Mathias Franke məruzəsində “real vaxt” rejimində dünya seysmik sistemlərində məlumatların yüksək dəqiqliklə necə toplanmasını təsvir edib.
Təqdimatda, həmçinin böyük missiya-kritik sistemlərdə məlumat toplanmasının sübut edilmiş təcrübəsinə əsaslanan xüsusi texnologiyanın praktiki tətbiqinə xüsusi yer verilib.
Daha sonra iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilib.
Xatırladaq ki, ABŞ-nin “Kinemetrics” şirkəti tərəfindən yeni texnologiyaların və proqramların tətbiqinə dair məlumatlandırma xarakterli vebinarlar hər ay keçirilir və RSXM-in əməkdaşları həmin müzakirələrdə mütəmadi olaraq iştirak edirlər.