Rüfət Elçiyev: “ABAD” indiyədək 482 ailəyə kiçik bizneslərini qurmaq üçün dəstək göstərib
Şəki, 3 iyul, Mustafa Dadaşov, AZƏRTAC
2017-ci ildən start verilən “Balakən regional “ABAD” mərkəzi vasitəsilə Şəki-Zaqatala iqtisadi zonasında kiçik ailə təsərrüfatlarının inkişafına dəstək” layihəsi çərçivəsində 44 kəndli ailəsinə kiçik bizneslərini qurmaq və ya genişləndirmək üçün dəstək verilib. Bu layihələrdən 22-si qadınlar, 22-si isə kişilər tərəfindən idarə olunur. Layihələrdən 15-i qida, 29-u isə dekorativ tətbiqi sənət və xalq sənətkarlığı sahələrini əhatə edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə “ABAD” publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev jurnalistlərə açıqlamasında məlumat verib.
Qurumun rəsmisinin sözlərinə görə, indiyədək “ABAD” tərəfindən 482 ailəyə kiçik bizneslərini qurmaq üçün dəstək göstərilib, onların istehsal etdikləri məhsullar satışa çıxarılıb. Pandemiya ili olmasına baxmayaraq, 2020-ci ildə “ABAD”çıların istehsal etdikləri 1,2 milyon manat dəyərində məhsulun satılmasına nail olunub. 2019-cu ildə isə satışın həcmi 1,7 milyon manat təşkil edib. Ümumiyyətlə, yarandığı gündən indiyədək “ABAD”çıların 4 milyon manat dəyərində məhsulları satılıb.
Qeyd edək ki, Avropa İttifaqının (Aİ) maliyyələşdirdiyi, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMT İP) tərəfindən “ABAD” publik hüquqi şəxs ilə birgə icra edilən “Balakən regional “ABAD” mərkəzi vasitəsilə Şəki-Zaqatala iqtisadi zonasında kiçik ailə təsərrüfatlarının inkişafına dəstək” layihəsi uğurla başa çatıb. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ABAD” publik hüquqi şəxsi ilə birgə reallaşdırılıb.