Rumıniyada Xocalı faciəsinin 19-cu ildönümünə həsr olunmuş silsilə tədbirlər keçiriləcəkdir
Bakı, 17 fevral (AZƏRTAC). Azərbaycanın Rumıniyadakı səfirliyi Xocalı faciəsinin 19-cu ildönümü ilə bağlı silsilə tədbirlər keçirəcəkdir.
Səfirlikdən AZƏRTAC-a bildirmişlər ki, Ermənistanın Azərbaycanın dinc əhalisinə qarşı törətdiyi amansız cinayətlərin Rumıniyada daha geniş kütləyə çatdırılması məqsədi ilə Rumın-Amerikan Universitetində, eləcə də nüfuzlu Buxarest Universitetinin hüquq fakültəsinin binasında Xocalı soyqırımına həsr olunmuş silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur.
Tədbir iştirakçılarına Ermənistanın işğalçılıq siyasəti və onun nəticələri ilə bağlı ətraflı məlumat veriləcək, anma mərasimlərinin keçiriləcəyi yerlərdə Xocalı faciəsinin dəhşətlərini əks etdirən fotosərgi təşkil ediləcəkdir. Bundan əlavə, Heydər Əliyev Fondu tərəfindən hazırlanmış “Qarabağ haqqında həqiqətlər” seriyasından olan kitabçalar, “Xocalı soyqırımı” və rumın dilində çapdan çıxmış “Xocalı faciəsi”, “Erməni mifi. Erməni ekstremizmi: onun səbəbləri və tarixi məzmunu” və “Erməni (mənimsənilmiş) xalq nağılları” kitabları paylanacaqdır.
Tədbirlərdə ziyalılar, Rumıniyanın Avropa İttifaqı institutlarında, o cümlədən Avropa Parlamentindəki təmsilçiləri, eləcə də bu ölkənin Avropa Şurasının Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvləri, sabiq və hazırkı senatorlar, bu ölkədə yaşayan və təhsil alan azərbaycanlılar, türk-tatar icmalarının, Buxarestdə akkreditə olunmuş səfirliklərin və beynəlxalq nümayəndəliklərin, qeyri-hökumət təşkilatlarının təmsilçiləri iştirak edəcəklər.
Bundan əlavə, Azərbaycanda səfərdə olarkən Qubadakı kütləvi məzarlıqda şahidi olmuş və ölkəsinə qayıtdıqdan sonra öz müşahidələri və təəssüratları əsasında “Qubadakı sümüklər” şerini yazmış Buxarest Yazıçılar Assosiasiyasının sədri Horia Qırbyanın Xocalı faciəsi ilə bağlı Rumıniyanın nüfuzlu KİV-lərində müsahibə və məqalələri dərc ediləcəkdir.
Azərbaycanın Rumıniyadakı səfiri Eldar Həsənov və səfirliyin bir qrup əməkdaşı Rumıniyanın aparıcı “Antena 1” və “Kanal B1” televiziya kanallarında Ermənistanın Azərbaycana qarşı təcavüzü və Xocalı faciəsi ilə bağlı çıxış edəcəklər.
Səfirlik tərəfindən hazırlanmış məlumatlar isə Rumıniya parlamentinə, rəsmi dövlət orqanlarına, QHT-lərə, bu ölkədə akkreditə olunmuş səfirlik və beynəlxalq nümayəndəliklərinə göndəriləcəkdir.