RUSİYA BMT TƏHLÜKƏSİZLİK ŞURASINA GÜRCÜSTAN HAQQINDA QƏTNAMƏ QƏBUL OLUNMASINI TƏKLİF ETMİŞDİR
Səfirin sözlərinə görə, BMT TŞ sədrinin “qabaqlayıcı diplomatiya” nümunəsi olmalı olan bəyanatı nümayəndə heyətlərindən birinin mövqeyi nəticəsində qəbul edilmədi.
Sentyabrın 29-da ABŞ sənədin mətninə öz düzəlişlərini irəli sürmüşdür. Rusiya tərəfinin fikrincə, bu düzəlişlər “hər şeyi alt-üst edir” və Rusiya üçün məqbul deyildir.
Rusiyanın layihəsində Gürcüstandan beynəlxalq öhdəliklərini tamamilə yerinə yetirməsi, MDB-nin sülhməramlı qüvvələrinin mandatına hörmət etməsi tələb olunur. Rusiya Gürcüstanı “Abxaziya Muxtar Respublikası hökumətini” Kodori dərəsində yerləşdirmək planlarından və gürcü-abxaz münaqişəsinin dincliklə nizama salınması prosesini çətinləşdirə biləcək digər hərəkətlərdən imtina etməyə də çağırır.
Rusiya diplomatları ümid edirlər ki, ekspertlər qətnamənin layihəsi üzrə işi bir neçə günə başa çatdıracaq və qətnamə gələn həftə müzakirəyə çıxarılacaqdır.
“Novosti” agentliyinin yaydığı xəbərə görə isə, Gürcüstanın BMT-dəki səfiri İrakli Alasania Rusiyanın Qara dənizdə keçirdiyi hərbi təlimlərinin dayandırılmasını tələb etmişdir. O, mətbuat konfransında demişdir: “Rusiya hərbi dəniz təlimlərinə Gürcüstan tərəfini xəbərdar etmədən başlamışdır. Bu təlimlər regionda sülhə təhlükə törədir və Gürcüstanın hüquqlarını pozur, çünki Gürcüstanın su ərazilərini də əhatə edir”.
Xatırladaq ki, sentyabrın 29-da Rusiyanın hərbi gəmilər dəstəsi Türkiyə dənizçiləri ilə birlikdə “Qara dəniz ahəngdarlığı” şərti adı ilə əməliyyat aparır. Qara dəniz akvatoriyasında bu əməliyyat Türkiyə ilə 2004-cü il martın 1-dən keçirilir və ondan məqsəd terrorizm təhlükəsinin və kütləvi qırğın silahının yayılmasının qarşısını almaqdır.
İndiki təlimlər başlanan kimi Gürcüstan XİN Moskvaya etirazını bildirmişdir. Onun bəyanatında deyilir ki, “təlimlərin keçirilməsi Gürcüstanın Batumi, Poti və Supsa limanlarının fəaliyyətini məhdudlaşdırır və ölkənin ticarət-iqtisadi mənafelərinə xeyli ziyan vurur”.