RUSİYA FEDERASİYASININ PREZİDENTİ, “YEDİNAYA ROSSİYA” PARTİYASININ SƏDRİ ZATİ-ALİLƏRİ CƏNAB VLADİMİR PUTİNƏ
Hörmətli Vladimir Vladimiroviç,
“Yedinaya Rossiya” Partiyasının Sədri seçilməyiniz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.
Müasir Rusiyanın tarixindəki bu mühüm hadisə göstərir ki, rusiyalılar Sizin yeritdiyiniz xəttə - dövlətçiliyin və demokratiyanın, iqtisadiyyatın və sosial sahənin möhkəmlənməsinə və hərtərəfli inkişaf etdirilməsinə, dünya birliyində Rusiyanın rolunun və nüfuzunun möhkəmlənməsinə yönəlmiş xəttə yüksək etimad göstərir və onu fəal surətdə dəstəkləyirlər.
Əminəm ki, Rusiya cəmiyyətini həqiqətən sıx birləşdirən qüvvə olan partiyanın Sədri seçilməyiniz Rusiyanın inkişafı naminə bütün siyasi qüvvələrin daha sıx birləşməsinə kömək edəcəkdir.
Yeni Azərbaycan və “Yedinaya Rossiya” partiyalarını sıx əməkdaşlıq telləri birləşdirir. İnanıram ki, bu xeyirxah ənənələr xalqlarımızın və ölkələrimizin mənafeləri naminə bundan sonra da möhkəmlənəcək və inkişaf edəcəkdir.
Hörmətli Vladimir Vladimiroviç, Sizə və “Yedinaya Rossiya” Partiyasının bütün üzvlərinə böyük uğurlar və firavanlıq diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti,
Yeni Azərbaycan Partiyasının sədri
Bakı, 17 aprel 2008-ci il.