RUSİYA MÜSƏLMANLARI MOSKVA CÜMƏ MƏSCİDİNİN 100 İLLİYİNİ QEYD EDİRLƏR
Yubiley təşkilatçılarının dəvəti ilə tədbirdə respublikamızın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Rafiq Əliyev və ölkəmizin Moskvadakı səfiri Ramiz Rizayev də iştirak etmişlər.
Rusiya Müftilər Şurasının sədri Ravil Qaynuddin yığıncağı açaraq, Prezident Vladimir Putinin təbriklərini iştirakçılara yetirdi.
R.Qaynuddin Moskva Cümə məscidinin 100 illiyini Rusiyada İslamın tarixində ən böyük bayram adlandırdı. O vurğuladı ki, İslamın Rusiyada mövcudluğunun 14 əsri ərzində öz əhəmiyyətinə görə bu yubileyə bərabər hadisə olmayıbdır.
Dövlət xadimləri və siyasi xadimlər çıxışlarında bildirdilər ki, yüz il əvvəl olduğu kimi, yenə də Cümə məscidi çoxmillətli Moskvada xeyirxahlıq və mərhəmət amallarına xidmət edir, öz ümmətinə dini dözümlülük və vətənpərvərlik hissləri aşılayır.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Rafiq Əliyev AZƏRTAC-ın müxbiri ilə söhbətində dedi ki, bu yubileyin Rusiya və ümumən, keçmiş Sovet İttifaqının müsəlmanları üçün böyük əhəmiyyəti var. Biz belə hadisələrə çox böyük önəm verir və bu tədbirdə məmnuniyyətlə iştirak edirik. Bu hadisə nəinki dövlətlərarası münasibətlərin möhkəmlənməsi üçün çox böyük əhəmiyyətə malikdir, həm də iki xalqın yaxınlaşması prosesinə güclü təsir göstərir.
Xatırladaq ki, Moskva Cümə məscidinin 100 illiyinin bayram edilməsi çərçivəsində “Müsəlmanlar sülhə və həmrəyliyə tərəfdardırlar” mövzusunda beynəlxalq konfrans, bayram ibadəti keçiriləcək müfti şeyx Ravil Qaynuddinin “İslam sülh dinidir” mövzusunda moizəsi dinlənəcək, məscidin yeni binasının bünövrəsinə xatirə daşı qoyulacaqdır.