SİYASƏT
Rusiya və İsveçrə xarici işlər nazirləri Dağlıq Qarabağ münaqişəsinə münasibət bildiriblər
![Rusiya və İsveçrə xarici işlər nazirləri Dağlıq Qarabağ münaqişəsinə münasibət bildiriblər](/files/2016/1/1200x630/14603765332267355497_1200x630.jpg)
Moskva, 11 aprel, AZƏRTAC
Moskvada RF xarici işlər naziri Sergey Lavrov və İsveçrənin xarici işlər naziri Didye Burkhalter birgə mətbuat konfransı keçiriblər. Sergey Lavrov deyib ki, Rusiya Dağlıq Qarabağda münaqişə tərəflərini döyüş əməliyyatlarının dərhal dayandırılması barədə razılaşmaya riayət etməyə çağırıb.
Rusiyalı nazir deyib: “Avropa qitəsində təhlükəsizlik problemləri bizim danışıqların və bütövlükdə münasibətlərimizin mühüm tərkib hissəsidir. Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin kəskinləşməsi bizi narahat edir. Biz tərəfləri döyüş əməliyyatlarının dayandırılması barədə əldə edilmiş razılaşmalara riayət etməyə, bu razılaşmanın pozulmasına yol verməməyə çağırırıq. Biz son dərəcə mürəkkəb olan bu münaqişənin tənzimlənməsi haqqında razılaşma əldə edilməsi istiqamətində siyasi müstəvidə müsbət irəliləyişlər olmasında maraqlıyıq”.
Didye Burkhalter əlavə edib ki, Rusiya tərəfi ilə danışıqlarda Cənubi Qafqaz mövzusu, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin kəskinləşməsi məsələsi müzakirə edilib. Nazir deyib: “Bu mövzu bizi çox narahat edir. Dağlıq Qarabağ ətrafında vəziyyətin budəfəki kəskinləşməsi çox mühüm, çox ciddi məsələdir. Rusiyanın səyləri sayəsində orada bir qədər sakitlik yaranıb, buna baxmayaraq regionda vəziyyət hələ də mürəkkəb olaraq qalır. Münaqişələrin yaranması və kəskinləşməsi təhlükəsi var”.
İsveçrəli nazir dialoq prosesini strukturlaşdırmağın zəruriliyini vurğulayıb. O əlavə edib ki, məsələnin həllinə nail olmaq üçün bu zəruridir və bu proseslə məşğul olmaq lazımdır.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva