Rusiya və Qərb ölkələri arasında məhbus mübadiləsi Türkiyəyə etimadın göstəricisidir
Ankara, 11 avqust, AZƏRTAC
Avqustun 1-də Ankarada Soyuq Müharibədən sonra Rusiya ilə Qərb ölkələri arasında baş verən ən böyük məhbus mübadiləsi bir-birilərinə qarşı olan qüvvələrin Türkiyəyə olan etimadının göstəricisi olub. Ankaranın “Esenboğa” hava limanında 26 məhbusun mübadiləsindən 10 gün sonra Türkiyənin ABŞ, Almaniya, Polşa, Sloveniya, Norveç, Rusiya və Belarusun iştirak etdiyi genişmiqyaslı sövdələşməyə verdiyi töhfənin təfərrüatları məlum olub.
AZƏRTAC-ın Ankaradakı təhlükəsizlik strukturlarındakı mənbələrə istinadla xəbər verir ki, vasitəçi qismində çıxış edən Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) son iki ay ərzində məhbus mübadiləsində iştirak edən bütün ölkələrin nümayəndələrinin iştirakı ilə iki (Ankara və İstanbulda) görüş təşkil edib.
Nəticədə həm ABŞ, həm də Rusiya məhz Türkiyədə mübadilənin təşkili ideyasını dəstəklədilər ki, bu da tərəflərin Ankaranın mövqeyinə etimadının nəticəsi idi.
MİT nümayəndələri məhbusların təhvilinin insidentsiz baş tutması üçün əllərindən gələni etdilər. Eyni zamanda Türkiyə tərəfi ABŞ və Rusiyanın rəsmi açıqlamalarına qədər Ankaranın məlumatı açıqlamayacağına zəmanət verib.
Mənbələrin bildirdiyinə görə, mübadilə yerinin seçimi Türkiyə tərəfindən “Esenboğa” Beynəlxalq Hava Limanının ərazisinə “nəzarət rahatlığı”na görə edilib.
Nəticədə avqustun 1-də Türkiyənin paytaxtına yeddi: Almaniya, Polşa, Sloveniya, Norveç və Rusiyadan hər birindən bir, ABŞ-dan iki təyyarə enib.
Təyyarəni ilk olaraq Rusiyaya təhvil verilən məhbuslar tərk edib. Bundan əvvəl təsdiq edilmiş plana uyğun olaraq, 26 məhbusun bir qismi bir təyyarədən digərinə, bir hissəsi isə hava limanı ərazisindəki xüsusi yerlərə aparılıb. Türkiyə xüsusi xidmət orqanlarının mütəxəssisləri tibbi nəzarət və məhbusların şəxsiyyətinin müəyyən edilməsini həyata keçirib.
Rusiyadan gətirilən məhbusların bir qismi həbsxana geyimində olub, onlara ABŞ-dan gətirilən paltarlar geyindirilib.
Görünməmiş məhbus mübadiləsindən 15 gün əvvəl Türkiyənin MİT rəhbəri İbrahim Kalın və ABŞ Prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan arasında telefon söhbəti olub.
Söhbət zamanı Sallivan ABŞ Prezidenti Co Baydenin məhbus mübadiləsi prosesini canlı olaraq şəxsən izləmək istədiyini deyib, sövdələşmənin Türkiyə vaxtı ilə saat 17.00-da başlamasını xahiş edib. Amerika tərəfinin hər iki xahişi Ankara tərəfindən təmin edilib.
Sövdələşmə çərçivəsində ABŞ-a qaytarılan Amerika vətəndaşları “Esenboğa” hava limanı ərazisindən Ağ Ev rəhbəri ilə ünsiyyət qurublar.
Ümumilikdə ikisi uşaq olmaqla, Rusiyaya 10 nəfər təhvil verilib. 13 nəfər Almaniyaya, üç nəfər ABŞ-a göndərilib.
Sövdələşmə başa çatdıqdan sonra ABŞ Prezidenti mətbuat konfransı təşkil edib, daha sonra türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana zəng edərək, uğurlu vasitəçiliyə görə minnətdarlığını bildirib.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara