Rusiyalı məşhur həkim və teleaparıcı Aleksandr Myasnikov “Ən mühüm məsələ barədə”
Bakı, 8 aprel, L.Muradzadə, AZƏRTAC
COVID pandemiyası dövründə mən deyirdim: “Panikaya düşməyin, çünki panika immuniteti zəiflərdir. Kim yoluxmaqdan qorxursa, o, birinci növbədə yoluxacaq və öləcək”. Afrikada olarkən Ebola qızdırmasına tutulmuş bir xəstə ilə kontaktda oldum. Bunu sonradan bildim. Amma əvvəldən bilsəydim, hökmən yoluxacaqdım. Tədqiqatlar göstərir ki, qorxu hissi peyvənddən sonra anticisimlərin sayını azaldır.
AZƏRTAC xəbər verir ki, rusiyalı məşhur həkim-kardioloq və teleaparıcı Aleksandr Myasnikov bu fikirləri Maqsud İbrahimbəyov yaradıcılıq mərkəzində keçirilmiş “Ən mühüm məsələ barədə” adlı görüşdə söyləyib.
A.Myasnikov bir sıra xəstəliklərin səbəbləri barədə sualı cavablandıraraq deyib: “Biz hansısa genomlardan, gövdə hüceyrələrindən, kosmik texnologiyalardan danışırıq, amma sonra məlum olur ki, bizim orqanizmimizdə ən mühüm normalar var. Mədə-bağırsaq sistemi bizim ikinci beynimizdir. Yeməklərə meylimizin çoxu bizim mikrobiomadan asılıdır. Hazırda bu istiqamətdə tədqiqatlar aparılır. Məsələn, təsəvvür edin ki, bir nəfər pişikləri xoşlayır. Amma pişiyin orqanizmində toksoplazmanın inkişaf etməsi üçün müvafiq şərait lazımdır. Hesab edirlər ki, toksoplazmoz xəstəliyi keçirmiş adamlar pişikləri xoşlayır. Məlumdur ki, bu xəstəlik tam sağalmır, ona görə də insana təsir edir.
Bakteriyalarda elə fermentlər var ki, onlar insanda yoxdur. Məsələn, polisaxaridlərin çoxunu həzm edə bilmirik. Bizdə belə ferment yoxdur, amma mikroblarda var. İnsanın nə qədər yeməsi deyil, yediyinin hansı hissəsini həzm etməsi vacibdir. Bu funksiyanı mikrobioma yerinə yetirir”.
Doktor Myasnikov özünün zəngin həkimlik praktikasında baş vermiş maraqlı hadisələr barədə də danışıb, təbabətdə yeniliklər haqqında məlumat verib, əksəriyyəti həkimlərdən ibarət olan auditoriya ilə söhbət edib, çoxsaylı suallara cavab verib, insanın öz sağlamlığına necə qayğı göstərməsi və həyatın keyfiyyətini necə yaxşılaşdırmaq barədə sadə məsləhətlər verib.