Rusiyanın ölkəmizdəki səfirliyinin nümayəndələri Ədəbiyyat Muzeyində olublar
Bakı, 18 dekabr, AZƏRTAC
Rusiya Federasiyasının ölkəmizdəki səfirliyinin nümayəndələri Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qonağı olublar.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib. Bildirilib ki, muzeyin Beynəlxalq əlaqələr və dünya muzeyləri şöbəsinin müdiri kulturologiya üzrə fəlsəfə doktoru Nailə Əliyeva qonaqlara zəngin Azərbaycan ədəbiyyatı haqqında ətraflı məlumat verib. O, XIX əsrdə Azərbaycanda böyük vüsət almış maarifçilik hərəkatının ölkənin mədəni həyatının inkişafında mühüm əhəmiyyətə malik olduğunu söyləyib. Diqqətə çatdırılıb ki, muzeyin ekspozisiyasında Rusiyanın İ.Repin adına Sankt-Peterburq Rəssamlıq Akademiyasında təhsil almış, rəssam Vaqif Hüseynova məxsus “Ermitaj.1941-ci il. Nizami yubileyi” tablosu sərgilənir.
Mühüm tarixi hadisəni, Nizami Gəncəvinin 800 illik yubileyinin Ermitaj muzeyində keçirilməsini əks etdirən əsər qonaqların böyük marağına səbəb olub.
Nailə Əliyeva Ədəbiyyat Muzeyinin Rusiyanın Sankt-Peterburq şəhərindəki Dövlət Ermitaj Muzeyi ilə ədəbi əlaqələrindən danışıb, muzeyin filiallarından biri olan Sergey Yesenin adına Rus-Azərbaycan Ədəbi Əlaqələr Mərkəzinin fəaliyyəti haqqında qonaqları məlumatlandırıb.
Rusiyanın Azərbaycandakı səfirinin köməkçisi Pavel Kuznetsov muzeyin “Rəy kitabı”na təəssüratlarını qeyd edib.
Sonda səfirliyin nümayəndələrinə rus dilində çap olunmuş, muzeyin ekspozisiyasını əks etdirən bukletlər hədiyyə olunub.