Rusiyanın Sverdlovsk vilayətində Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək
Moskva, 15 aprel, AZƏRTAC
Azərbaycanın Yekaterinburqdakı Baş konsulu İlqar İsgəndərov RF-nin Sverdlovsk vilayətinin qubernatoru Yevgeni Kuyvaşev ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, işçi görüş çərçivəsində ikitərəfli ticari-iqtisadi və mədəni əməkdaşlığın genişləndirilməsi üzrə bundan sonrakı addımlar, o cümlədən sahibkarlar arasında dialoqun dəstəklənməsi, Azərbaycan Ticarət Evinin açılması, Sverdlovsk vilayətində Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsi məsələləri müzakirə edilib.
Qubernator qeyd edib ki, birgə tədbirlər 2019-cu ildə Prezident İlham Əliyev ilə ikitərəfli danışıqların məntiqi davamı və əməkdaşlıq barədə sazişin konkret məzmunu olacaq. Qubernator Azərbaycanın rəsmi və işgüzar dairələrini “İNNOPROM-2021” Beynəlxalq Sənaye Sərgisinin işində iştiraka dəvət edib.
O deyib: “Azərbaycan bizim regionun çoxdankı və mühüm tərəfdaşıdır. Biz tərəfdaşlıq münasibətlərinin inkişafında, iqtisadi və mədəni əlaqələrin möhkəmləndirilməsində, qarşılıqlı ticarət həcminin artmasında maraqlıyıq”.
Baş konsul dəvətə görə qubernatora minnətdarlığını bildirərək qeyd edib ki, ölkə rəhbərliyi Sverdlovsk vilayəti ilə Azərbaycanın əməkdaşlığına yüksək dəyəri verir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan qələbə haqqında qubernatoru məlumatlandıran İ.İsgəndərov, işğaldan azad olunan Qarabağ ərazilərində aparılan bərpa işlərindən söhbət açıb və əminliyini bildirib ki, Rusiyanın tarazlaşdırılmış mövqeyi regionda möhkəm sülhün bərqərar olmasına xidmət edəcək.
Diplomat deyib: “Sverdlovsk vilayəti ilə Azərbaycan arasında uzunmüddətli münasibətlər və ölkə Prezidentinin qeyd etdiyi konstruktiv dialoq mövcuddur. Bunun bariz nümunəsi 2019-cu ildə baş tutan səmərəli səfər və ən yüksək səviyyədə görüşlərdir. Biz sözsüz ki, iqtisadi, mədəni, təhsil layihələrinin davam etdirilməsində maraqlıyıq”.
İ.İsgəndərov iqlim şəraiti ilə bağlı Uralda yetişməyən cənub bölgələrinin kənd təsərrüfatı məhsullarının geniş çeşiddə satışını həyata keçirən Azərbaycan Ticarət evlərinin əmtəə dövriyyəsinin artmasında xüsusi rolunu qeyd edib. Rusiyanın sənaye və ticarət naziri Denis Manturov ilə Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev arasında razılaşmalar çərçivəsində regionda artıq iki ticarət nöqtəsi açılıb. Tədarükü daha da genişləndirmək nəzərdə tutulub.
Diplomat, həmçinin Sverdlovsk vilayətində Azərbaycanın Mədəniyyət Günlərinin keçirilməsi niyyəti barədə danışıb.
Tərəflər 2022-ci ildə qeyd olunacaq Rusiya ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinə həsr edilən bir sıra regional tədbirlərə hazırlaşmaq barədə razılığa gəliblər.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva