Rustavidə 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar tədbir keçirilib
Tbilisi, 19 yanvar, AZƏRTAC
Yanvarın 19-da Rustavi Təhsil və Mədəniyyət Mərkəzində 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra Mərkəzin rəhbəri Raidə Dərziyeva çıxış edərək 20 Yanvar tarixinin Azərbaycan xalqının azadlıq yolunda oynadığı əvəzsiz rolundan danışıb. Qeyd edib ki, Bakıdakı 1990-cı il 20 Yanvar hadisələrindən dərhal sonra xalqımızın Ümummilli Lideri Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək mətbuat konfransı keçirib, bu vəhşiliyi kəskin şəkildə pisləyib, əliyalın xalqa qarşı törədilən terroru hüquqa, demokratiyaya, insanlığa qarşı zidd adlandırıb. Hələ sovet imperiyasının mövcud olduğu bir dövrdə Ulu Öndərin belə bir bəyanatla çıxış etməsi bütün dünyanın bu vəhşi qətliamdan xəbərdar olmasını sürətləndirib.
Sonra ziyalılardan Rafiq Hümmət, Savalan Osmanlı çıxış edərək, Qanlı Yanvarın gerçək mahiyyətindən söhbət açıb və və bu hadisələr haqqında geniş məlumat veriblər.
Rustavi şəhər 18 saylı məktəbin müəllimləri Sveta İsayeva, Nurlana Əliyeva və Alidə Kazımova da çıxış edərək, faciə ilə bağlı fikirlərini bölüşüblər.
Daha sonra Mərkəzin Azərbaycan dili bölməsinin şagirdləri hazırladıqları ədəbi-bədii kompozisiyanı təqdim ediblər.
20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi