“RV İNVESTMENT GROUP” SENTYABRDA GƏDƏBƏYDƏ QIZIL ÇIXARILMASINA BAŞLAYACAQDIR
AZƏRTAC xəbər verir ki, bunu şirkətin prezidenti Riza Vəziri iyunun 15-də “Hyatt Regency-Naxçıvan” mehmanxanasında keçirdiyi mətbuat konfransında bildirmişdir. Əvvəllər qızılın çıxarılması 2007-ci ilin 3-cü rübündə gözlənilirdi.
R.Vəzirinin sözlərinə görə, Gədəbəydəki müqavilə ərazisində kəşfiyyat quyularının qazılması avqustda başa çatacaqdır. Bundan sonra burada dəyəri 47 milyon ABŞ dolları olan və ildə 1,5 milyon ton qızıllı filiz emal edə bilən zavod quraşdırılacaqdır. Quraşdırma işlərinə 3-4 ay lazım gələcəkdir.
“RV İnvestment Group” adından çıxış edən Azerbaijan İnternational Mining Company əməliyyat şirkətinin direktoru Cerald Fillips bildirmişdir ki, Gədəbəy yatağında eyni vaxtda almaz başlıqlı dörd qazma qurğusu işləyir və ümidverici nəticələr alınmışdır.
Onun sözlərinə görə, bu ərazidən götürülmüş filiz nümunələri tədqiq olunmaq üçün Şimali İrlandiya və Kanadanın metallurgiya sahəsində ixtisaslaşmış laboratoriyalarına göndərilmişdir. Hələ sovet dövründə Azərbaycan geoloqlarının qiymətləndirməsinə görə, Gədəbəy zonasında 800 min unsiya qızıl və 20 milyon ton mis ehtiyatı vardır. “Bizim vəzifəmiz bu ehtiyatları təsdiq etməkdir”,-deyə C.Fillips vurğulamışdır. O, qeyd etmişdir ki, yataqda ehtiyat təsdiq edildikdən sonra onun işlənməsinə başlanılacaqdır. Gədəbəy yatağının dəmir yoluna və avtomobil magistralına yaxın yerləşməsi infrastruktur xərclərini xeyli azaldacaqdır. Əməliyyat şirkətinin rəhbəri belə hesab edir ki, qızıl filizi çox da dərində olmadığı üçün qazma işləri də çox vəsait aparmayacaq. Onun sözlərinə görə, Dünya bazarında bir unsiya qızılın 570 dollara olduğu bir vaxtda Gədəbəydə 1 unsiya qızılın çıxarılması əməliyyat şirkətinə 155-225 dollara başa gələcəkdir. “Bu, dünyada qızıl çıxarılmasına ən az sərf olunan xərcdir”,-deyə C.Fillips diqqətə çatdırmışdır.
C.Fillips məlumat vermişdir ki, sovet dövrü qiymətləndirməsinə görə, digər müqavilə ərazisi olan Qoşa yatağında (Tovuz) 4 min unsiya qızıl və 5 milyon ton mis ehtiyatı vardır. Onun qənaətinə əsasən, bu proqnoz təsdiq olunacaqdır. “Lakin Ordubadda apardığımız kəşfiyyat qazmasından ümidverici nəticə əldə etməmişik”,-deyə şirkət rəhbəri bildirmişdir.
Ümumiyyətlə, əməliyyat şirkəti kəşfiyyat qazma işlərinə indiyədək 28 milyon dollar xərcləmişdir.
Xatırladaq ki. “RV İnvestment Group”-un Azərbaycan höküməti ilə 1997-ci ildə imzaladığı sazişə Ordubad, Gədəbəy, Qoşa zonaları və Kəlbəcər ərazisində 1993-cü ildən Ermənistan silahlı qüvvələrinin işğalı altında olan üç qızıllı ərazi daxildir. “Qızıl sazişi”ndə Azərbaycanın iştirak payı 51 faizdir. Sazişə görə, qızıl ehtiyatı 94 milyon unsiya qiymətləndirilir.