Saatlıda yol hərəkəti təhlükəsizliyinin təmini üçün profilaktik tədbirlər həyata keçirilib
Saatlı, 20 iyul, Aydın Yavərzadə, AZƏRTAC
Saatlı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən şəhər ərazisində təhlükəsizliyin təmin olunması məqsədilə nəzarət-profilaktiki tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, rayon ərazisində hərəkətin intensiv olduğu küçə və prospektlərdə keçirilən tədbirlər zamanı təhlükəsizlik kəmərindən istifadə etməyən və nəqliyyat vasitəsinə konstruksiya dəyişiklikləri edən sürücülər saxlanılıb. Onlarla maarifləndirici söhbətlər aparılıb və yol verdikləri qayda pozuntuları barədə məlumatlar verilib.
Həmçinin tədbirlər zamanı avtomobillərin ixrac qazlarının tərkibindəki zərərli maddələrin miqdarı da yoxlanılıb və normadan artıq zərərli maddə ixrac edən nəqliyyat vasitələrinin sürücüləri barəsində inzibati qaydada tədbirlər görülüb.
Yol verdikləri qayda pozuntusuna görə ümumilikdə 23 sürücü barəsində qanunamüvafiq tədbirlər görülüb.