“SABAH” informasiya texnologiyaları mərkəzinin təlimləri başa çatıb
Bakı, 22 may, AZƏRTAC
Azərbaycan Texniki Universitetinin (AzTU) “SABAH” mərkəzinin təşəbbüsü ilə martın 1-dən başlamış informasiya texnologiyaları təlimlərinin bağlanış mərasimi keçirilib.
Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib. Bildirilib ki, tədbirdə çıxış edən rektor Vilayət Vəliyev təlimlər haqqında məlumat verib. Qeyd edib ki, 11 ali məktəbdə təhsil alan “SABAH” qrupları tələbələri üçün təşkil olunan təlimlər 5 istiqamətdə keçirilib. Təlimçilər müxtəlif müəssisələrdə və şirkətlərdə çalışan AzTU “SABAH” məzunlarından və müəllimlərindən ibarət olub. Rektor iştirakçılara uğurlar arzulayıb və belə təlimlərin mütəmadi keçiriləcəyini bildirib.
Təhsil Nazirliyi “SABAH” qrupları İcra Komitəsi rəhbərinin tədris işləri üzrə müavini Eldar Qocayev təlimin keçirilməsini yüksək qiymətləndirib. O, gələcəkdə “SABAH” qrupları üzrə digər ixtisaslarda da belə təlimlərin təşkilini tövsiyyə edib.
Qeyd edək ki, təlimlərdə 200 tələbə iştirak edib. Təlimi uğurla bitirən 56 tələbə sertifikat, təlimçilər təşəkkürnamə ilə təltif olunub.