CƏMİYYƏT
Sabir Qocayev: 30-a yaxın SMA-lı uşağa əlillik təyinatı aparılıb

Bakı, 26 sentyabr, AZƏRTAC
Əlilliyin müəyyən olunması üçün müəyyən meyarlar var və bununla bağlı əlillik təyinatı həyata keçirilir. Məlum olduğu kimi, ötən il yeni əlillik meyarları qüvvəyə minib. Həmin meyarlarda həm spinal muskular atrofiya (SMA), həm də əvvəllər əlillik meyarlarında olmayan bir çox xəstəliklərə əlillik təyinatı nəzərdə tutulub və aparılır. Otuza yaxın SMA diaqnozlu uşağa əlillik təyinatı aparılıb.
AZƏRTAC xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əlillik siyasəti şöbəsinin müdiri Sabir Qocayev deyib.
S.Qocayev bildirib ki, meyarlara edilmiş son dəyişikliklərə əsasən, xəstəliyin ağırlıq səviyyəsindən asılı olaraq həmin uşaqlara əlillik müəyyən edilir. Buna müvafiq olaraq da sosial ödənişlər həyata keçirilir: "Keçən il qəbul olunmuş meyarlara qədər uşaqların hamısına xəstəliyin ağırlığından asılı olmayaraq, eyni məbləğdə - 200 manat sosial ödəniş verilirdi. Yeni qanunvericiliklə, nisbətən ağır diaqnozu olan uşaqlara digərlərindən daha çox ödəniş təyin olunur. Belə ki, orqanizmin funksiyasının pozulması 85-100 faiz arasında olan şəxslərə nisbətən çox ödəniş həyata keçirilir. Nəticədə daha ağır diaqnoz qoyulan uşaqlara ödənişlərin məbləği 280 manatdan 570 manatadək, yəni iki dəfədən çox artıb. Təbii ki, bu, onların sosial müdafiəsi üçün xüsusi əhəmiyyət kəsb edir.
"SMA Xəstələrinə Yardım" İctimai Birliyi ilə sıx əlaqədə işləyirik. Əvvəlki dövrlərdə də onlar tərəfindən müəyyən şəxslərin əlilliyinin qiymətləndirilməsi ilə bağlı müraciətlər olmuşdu. Təbii ki, digər şəxslərin də müraciəti olarsa, aidiyyəti xəstəxanalardan əlilliyin müəyyən olunması üçün nazirliyin elektron sisteminə göndəriş daxil edilərsə, həmin şəxslərin də əlilliyi müvafiq qaydada qiymətləndirilərək qərar veriləcək".