Sabirabadda Milli Mətbuat Günü münasibətilə media nümayəndələri mükafatlandırılıblar
Sabirabad, 22 iyul, Aydın Yavərzadə, AZƏRTAC
22 iyul - Milli Mətbuat Günü ilə əlaqədar Sabirabad Regional Mədəniyyət İdarəsində kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüş keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüşdə Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə milli mətbuatımızın yaranmasının 146 illik yubileyi münasibətilə KİV nümayəndələrini təbrik edib. O, dünyada, eləcə də regionun mədəni həyatında baş verən yeniliklərin, həyata keçirilən tədbirlərin media orqanları tərəfindən daim diqqətdə saxlanılmasından danışıb və müasir dövrdə bu istiqamətdə medianın rolunu yüksək qiymətləndirib. Görüşdə iştirak edən KİV nümayəndələri təmsil etdikləri media orqanları ilə Sabirabad Regional Mədəniyyət İdarəsinin əlaqələri haqqında fikirlərini bölüşüb, yaxın əməkdaşlığın bundan sonra da davam edəcəyini bildiriblər. Əsası dahi mütəfəkkir Həsən bəy Zərdabi tərəfindən qoyulan milli mətbuatımızın ictimai fikrin inkişafında oynadığı misilsiz roldan söhbət açılıb.
Sonda yerli mətbuatın inkişafına verilən töhfəyə və qarşılıqlı əməkdaşlığa görə KİV nümayəndələri Sabirabad Regional Mədəniyyət İdarəsi tərəfindən fəxri fərmanla təltif edilib və onlara hədiyyələr təqdim olunub. Mükafatlandırılanlar arasında AZƏRTAC-ın bölgə müxbiri Aýdın Yavərzadə də yer alıb.