Şabranın Pirəbədil kəndində tarixi Zəfərimiz təbliğ olunub
Şabran, 29 iyul, Elxan Yusifli, AZƏRTAC
Xaçmaz Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə həyata keçirilən “Kəndlərdə mədəniyyət günləri” layihəsinin növbəti ünvanı Şabran rayonunun Pirəbədil kəndi olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Zəfər günün mübarək, Azərbaycan! mövzusunu əhatə edən tədbir çərçivəsində əvvəlcə dahi Azərbaycan mütəfəkkiri Nizami Gəncəvinin həyat və yaradıcılığını əks etdirən kitab sərgisi, rəsm və əl işləri, yerli mətbəx nümunələri, adət-ənənələri əks etdirən stendlər nümayiş etdirilib.
Öz xalçaçılıq ənənələri ilə tanınan Pirəbədil kəndində keçirilən tədbirdə incəsənət adamları, bədii kollektivlərlə yanaşı, 44 günlük Vətən müharibəsinin iştirakçıları, şəhid ailələrinin üzvləri də iştirak ediblər.
Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Hüseynov bildirilib ki, belə tədbirlərin keçirilməsinin əsas məqsədi gələcək nəsillərə vətənpərvərlik hissini aşılamaq, bölgədə yaşayıb-yaradan sənət adamlarının tarixi Zəfərimizlə bağlı hazırladıqları incəsənət nümunələrini nümayiş etdirməkdir. Layihə çərçivəsində analoji tədbirlərin bölgənin digər rayonlarında da təşkil ediləcəyi vurğulanıb.
Çıxışlarda şanlı Ordumuzun torpaqlarımızı işğaldan azad etməklə müasir tariximizdə zəfər salnaməsi yaratdığı qeyd edilib. Bildirilib ki, tarixi Qələbəmizin böyüməkdə olan nəsil tərəfindən öyrənilməsində incəsənət əsərləri mühüm rol oynayır.
Tədbirdə “Xınayaxdı” folklor kollektivi və Şabran Xalq teatrının çıxışları maraqla qarşılanıb.