İQTİSADİYYAT
Sadiq Qurbanov: Son 20 ildə Azərbaycanın neft strategiyası öz inkişafının zirvəsinə çatıb
Bakı, 17 yanvar, AZƏRTAC
Hazırda Azərbaycanın ümumi neft hasilatının böyük hissəsi “Azəri-Çıraq-Günəşli” (AGÇ) yataqlar blokunun payına düşür. Ümumilikdə AÇG blokunun işlənməsinə başlanmasından keçən dövr ərzində ümumi neft hasilatı 4,3 milyard bareli ötüb. 2001-ci ildən başlayaraq blokun işlənməsi layihəsinin həyata keçirilməsindən Azərbaycanın xalis mənfəəti 171 milyard ABŞ dolları təşkil edib.
AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında komitə sədri Sadiq Qurbanov deyib.
O bildirib ki, əsası 1994-cü ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş neft strategiyası son 20 ildə təkcə neft hasilatının və ixracının rekord artımı ilə deyil, həm də tarixi əhəmiyyət kəsb edən çox mühüm hadisələrlə əlamətdar olaraq öz inkişafının zirvəsinə çatıb.