Şagirdlər “Narkomaniyaya birlikdə yox deyək!” mövzusunda maarifləndiriliblər
Bakı, 14 dekabr, AZƏRTAC
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”na müvafiq olaraq, Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu ilə Zəngilan Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 9 və 36 nömrəli məktəbin şagirdləri üçün maarifləndirmə tədbiri təşkil edilib.
Bu barədə AZƏRTAC-a Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupundan məlumat verilib.
Tədbirdə Narkomanlığa və Narkotik Vasitələrinin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının baş məsləhətçisi Şahin İsmayılov, Zəngilan Rayon Polis Şöbəsinin Cinayət-axtarış qrupunun baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Bərxudar Şıxəliyev, rayon gənclər və idman idarəsinin rəisi Zakir Məmmədov, rayon icra hakimiyyəti başçısı yanında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Nərmin Hüseynzadə, məsləhətçi-psixoloqu Mətanət Həsənova, rayonun 9 və 36 nömrəli məktəblərinin şagirdləri, təhsil müəssisələrinin psixoloqları iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və canlarını Azərbaycanın ərazi bütövlüyü yolunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Məqsəd şagirdləri narkomaniya və psixotrop maddələrin yaratdığı problem və fəsadlar mövzusunda maarifləndirmək və onlar arasında sağlam həyat tərzini təbliğ etmək olub.
Çıxış edənlər dövrümüzün ağır bəlasına çevrilən narkomaniyanın zərərlərindən, insan sağlamlığı üçün təhlükəsindən, eləcə də narkotik vasitələrə yaranan asılılıqdan və ölkəmizdə narkomanlığa qarşı aparılan mübarizədən danışıblar.
Qeyd edilib ki, narkotik vasitələrdən istifadə edən hər bir şəxs uğurlu gələcəyindən imtina etməklə, cəmiyyətdə həmişə geridə qalır və aludəçiliyin, zərərli təsirlərin fəsadlarından qurtula bilmir. Gəncləri daha düzgün və uğurlu yola yönləndirmək valideynlərdən və əsasən də müəllimlərdən asılıdır.
Sonda şagirdləri maraqlandıran suallar dolğun şəkildə cavablandırılıb.