Sahibə Qafarova: İşğal altında olan bütün torpaqlarımızda Azərbaycan bayrağı dalğalanacaq
Bakı, 6 oktyabr, AZƏRTAC
Azərbaycan Prezidentinin, Ali Baş Komandanın rəhbərliyi altında şanlı Ordumuzun zəfər yürüşü davam edir. Ordumuz Ermənistanın işğal etdiyi torpaqları bir-birinin ardınca azad edir. Prezident İlham Əliyev dediyi kimi, dövlətimiz heç vaxt Azərbaycan torpağında ikinci dövlətin yaranmasına imkan verməyəcək.
Bu fikirləri Milli Məclisin Sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasda bildirib.
Hazırda döyüş meydanında xalqımızın taleyi ilə bağlı məsələnin həll olunduğunu bildirən Milli Məclisin Sədri qeyd edib: “Xalqımızın taleyi həll olunur. Cəbrayıl da daxil olmaqla, işğal altındakı kəndlərimiz, şəhərlərimiz işğaldan azad edilir. Şanlı Ordumuzun qələbələrindən təşvişə düşən Ermənistan məğlubiyyəti qəbul etməyərək mülki əhalini, təmas xəttindən tamamilə kənarda olan ərazilərimizi hədəfə alırlar”.
Sahibə Qafarova vurğulayıb ki, Azərbaycan Prezidentinin, Ali Baş Komandanın ətrafında sıx birləşməklə və bu qüvvə sayəsində bütün torpaqlarımızda Azərbaycan bayrağı dalğalanacaq.