İQTİSADİYYAT
Şahin Mustafayev: Bakı-Tbilisi-Qars dəmir yolu çox böyük potensiala malikdir
Tbilisi, 5 mart, AZƏRTAC
Transxəzər marşrutu və Şərq-Qərb nəqliyyat dəhlizinin tərkib hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolu (BTQ) daha böyük perspektivlərə malik layihədir. Bu layihə təkcə Azərbaycan, Gürcüstan və Türkiyənin deyil, digər ölkələrin də iqtisadi inkişafı üçün geniş imkanlar açır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri jurnalistlərə müsahibəsində Azərbaycanın iqtisadiyyat naziri, Tranzit və Yükdaşımalar üzrə Koordinasiya Şurasının sədri Şahin Mustafayev deyib.
Nazirin sözlərinə görə, BTQ-nin çox böyük potensialı var. Azərbaycan nümayəndə heyətinin martın 4-də Türkiyədə, eləcə də bu gün Tbilisidə keçirdiyi görüşlərdə bu layihənin vacibliyi bir daha vurğulanıb.
“Əsas məqsəd BTQ dəmir yolu ilə daşınan yüklərin həcminin artırılması və mövcud imkanlardan daha səmərəli istifadə olunması yollarını araşdırmaqdır. Nəzərə almalıyıq ki, BTQ ilə sərnişin daşınmalarına da maraq böyükdür və bu da öz növbəsində, turizmin inkişafı üçün geniş imkanlar yaradacaq. Qətiyyətlə demək olar ki, BTQ-nin potensialı çox böyükdür. Düşünürəm ki, birgə səylərimiz nəticəsində məqsədimizə nail olacağıq”, - deyə Ş.Mustafayev vurğulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi