Şahin Rəhmanlı: Azərbaycan gəncləri Vətən müharibəsində olduğu kimi, sivil mübarizəmizdə də öndədirlər
Bakı, 12 dekabr, Həsrət Mahmudova, AZƏRTAC
Artıq 32-ci gündür ki, Azərbaycan qeyri-hökumət təşkilatlarının Qarabağda keçirilən ekoloji terrora etiraz aksiyası davam edir. Rus sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə Azərbaycanın sərvətləri böyük ekoloji fəsadlar yaratmaqla talanır. Hər bir azərbaycanlı buna etiraz edir və aksiyanın davam etdiyi əraziyə getməyə çalışır. Bütünlükdə vətəndaş cəmiyyətinin hər bir nümayəndəsinin - QHT-lərin, gənclər təşkilatlarının əməkdaşları, xüsusilə könüllü gənclər, ekofəallar bu aksiyanın aparıcı qüvvəsi kimi etirazlar başlanan ilk gündən heç bir çətinlik, soyuq, şaxta, yuxusuzluq demədən Azərbaycanın qanuni hüquqlarının bərpa olunmasını, ekoloji terrorun dərhal dayandırılmasını tələb edirlər. Mətbuat nümayəndələrimiz bu aksiyanın düzgün şəkildə və geniş ictimaiyyətə çatdırılmasında azı ekofəallarımız qədər zəhmət çəkirlər.
Bunu AZƏRTAC-a müsahibəsindən “İrəli” İctimai Birliyinin sədri Şahin Rəhmanlı deyib.
O bildirib ki, bir çox hallarda tərəfli xarici mətbuat orqanlarında, hətta bəzi siyasi şəxslərin sosial şəbəkələrdə Azərbaycanın Laçın-Xankəndi yolunu bağladığını, oradakı əhalinin blokadaya alındığı yalanlarını yayırlar. Aksiyanın iştirakçılarından biri kimi əminliklə deyirəm ki, yol humanitar məqsədlər üçün açıqdır və dəfələrlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin təcili tibbi yardım avtomobilləri, ərzaq maşınlarının keçidinə şərait yaradıldığının şahidi oldum. Bu, bir daha göstərir ki, aksiya dinc şəkildə təşkil olunub və məsul şəxslərin ekoterrora son qoymasını, monitorinqə şərait yaradılmasını tələb edir.
Şahin Rəhmanlı vurğulayıb ki, aksiyada digər müşahidə etdiyim məqam isə Azərbaycan gəncinin Vətən müharibəsində olduğu kimi, sivil mübarizəmizdə də ən öndə dayanmasıdır. Heç bir çətinliyə, qarlı-şaxtalı havaya baxmayaraq artıq 32 gündür ki, etirazlarını davam etdirən gənclər bu gücünü vətənpərvərlik tərbiyəsindən, onlara olan inam və etimaddan alırlar. Dövlətimizin başçısının yerli televiziya kanallarına müsahibəsi zamanı aksiya iştirakçılarına dəstək olaraq dediyi - “İlk növbədə, o gənclərə “Eşq olsun!” demək istəyirəm, onlar bizim fəxrimizdir. Azərbaycan xalqı gecə-gündüz şaxtalı-qarlı havada orada öz haqlarını tələb edən gənclərlə fəxr edir. Gecə-gündüz şaxtalı-qarlı havada oradadırlar, öz haqlarını tələb edirlər və bir daha Azərbaycan gəncinin nə qədər yüksək keyfiyyətlərə malik olmasını bütün dünyaya göstərirlər” sözləri həmin gənclərə əlavə güc, enerji verib. Təsadüfi deyil ki, Prezident İlham Əliyev çıxışlarında qeyd edir ki, “Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram”. Onlar bu inamı, etimadı hiss etdikcə Azərbaycan maraqlarının qorunması, xalqımızın haqq səsinin çatdırılması, ərazi bütövlüyümüzün qorunması üçün hər zaman irəlidə olacaqlar.