Şahmat üzrə Azərbaycan çempionatına start verilib
Bakı, 15 mart, Samirə Allahverdiyeva, AZƏRTAC
Martın 15-də Bakıda kişilər və qadınlar arasında şahmat üzrə Azərbaycan çempionatına start verilib.
AZƏRTAC xəbər verir ki, kişilərin çempionatında 33, qadınların yarışmasında isə 22 şahmatçı iştirak edir. Martın 23-dək davam edəcək yarış İsveçrə sistemi üzrə 9 turdan ibarət olacaq.
Çempionatda I-III yerləri tutan şahmatçılar Gənclər və İdman Nazirliyinin diplomları və Azərbaycan Şahmat Federasiyasının medalları ilə təltif ediləcəklər. Həmçinin qadınların çempionatında ilk 3 yeri tutan şahmatçılar iyunda Çexiyada keçiriləcək şəxsi Avropa çempionatına qatılacaqlar. Kişilərin mübarizəsində isə qızıl medala layiq görülmüş şahmatçı mayda Şəmkirdə keçiriləcək Vüqar Həşimov Memorialına vəsiqə qazanacaq.
Kişilərin turnirinin ümumi mükafat fondu 5000 manat, qadınların turnirinin ümumi mükafat fondu isə 2500 manat təşkil edir.
Dünya Şahmat Olimpiadasına seçim xarakteri daşıyan çempionatın baş hakimləri beynəlxalq hakim Lütfiyar Rüstəmov (kişilərdə) və FİDE hakimi, beynəlxalq usta Rauf Hacılıdır (qadınlar).
Qeyd edək ki, sentyabrın 17-dən 30-dək Azərbaycanın ev sahibliyi ilə keçiriləcək Dünya Şahmat Olimpiadasında ölkəmiz 3 komanda ilə təmsil olunacaq.