Şalva Papuaşvili: Gürcüstanda QHT-lərin 70 faizinin donorunun kim olduğu məlum deyil
Tbilisi, 15 iyul, AZƏRTAC
Gürcüstanda qeyri-hökumət təşkilatlarının (QHT) maliyyələşməsi ilə bağlı araşdırma aparılıb. Məlum olub ki, ölkədə QHT-lərin maliyyələşməsi və ayrılan maliyyənin necə, haraya xərcləndiyi bilinmir. Bir sözlə, bu QHT-lərin fəaliyyətində heç bir şəffaflıq yoxdur.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili söyləyib.
Onun sözlərinə görə, araşdırmalar zamanı məlum olub ki, 500 qeyri-hökumət təşkilatının 80 faizinin xaricdən aldığı qrantın məbləği bilinmir. Bununla yanaşı, onların 70 faizinin donorunun kim olduğu məlum deyil.
Ş.Papuaşvili vurğulayıb ki, QHT-lərin 97 faizi müxtəlif icmaları təmsil etdiklərini deyir, lakin il ərzində həmin icmaların xeyrinə gördükləri işlərin hesabatını cəmiyyətə təqdim etmirlər. QHT-lərin 97 faizi pullarını nəyə xərclədikləri, məzmun baxımından nələr etdikləri barədə ictimaiyyətə hesabat vermir. Əksər hallarda işçilərin kimlər olduğu, bu qurumun arxasında kimin dayandığı, donorun kimliyi, komandanın kimdən ibarət olduğu, ümumiyyətlə, bilinmir.
Qeyd edək ki, “Gürcü arzusu- demokratik Gürcüstan” partiyasının deputatı Givi Mikanadze partiyanın fəallarının apardığı araşdırma hesabatını ictimaiyyətə açıqlayıb. Mikanadzenin qeyd etdiyi kimi, bu araşdırma qeyri-hökumət və media təşkilatlarının şəffaflığı məsələlərini əhatə edib.
Onun sözlərinə görə, bu, “Xarici təsirin şəffaflığı haqqında” qanunun qəbuluna qarşı çıxan həmin qeyri-hökumət təşkilatlarının və media qurumlarının nə dərəcədə şəffaf olması ilə bağlı əsas məlumatları özündə əks etdirən baza araşdırmasıdır. Araşdırmalar göstərib ki, qeyri-hökumət təşkilatlarının 51 faizinin internet saytı, 62 faizinin donorunun adı və loqosu, 68 faizinin isə layihəsinin adı belə yoxdur.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi